Yarımkeçirici istehsalçısı Micron rüblük mənfəətini 15 dəfə artırıb

Yarımkeçirici istehsalçısı Micron rüblük mənfəətini

Qlobal süni intellekt (AI) yarışı mikrosxem və yaddas çipləri bazarında görünməmiş bir maliyyə sıçrayışına səbəb olub. ABŞ-ın ən böyük yarımkeçirici istehsalçılarından biri olan Micron Technology, 2026-cı maliyyə ilinin üçüncü rübünə dair tarixi hesabatını açıqlayıb. Şirkətin gəlirləri illik müqayisədə 74% artaraq 41,5 milyard dollara, xalis mənfəəti isə fantastik şəkildə 15 dəfə artaraq 28,2 milyard dollara yüksəlib.

Bu nəticələr Micron-u sadəcə bir çip istehsalçısı olmaqdan çıxarıb, Nvidia kimi süni intellekt infrastrukturunun əsas sütunlarından birinə çevirib.

Nvidia-nın Blackwell (B200) və növbəti nəsil Vera Rubin platformaları kimi güclü qrafik prosessorların (GPU) yanında işləyən HBM4 yaddas çiplərinin istehsal gücü (kapasitəsi) həm Micron, həm də rəqibləri tərəfindən artıq indidən tamamilə bron edilib. Rəhbərlik bu qıtlığın ən azı 2027-ci ilə qədər davam edəcəyini proqnozlaşdırır.

Şirkət ümumi dəyəri 22 milyard dollar olan 16 iri strateji müqavilə (SCA) imzalayıb. Bu müqavilələr müştərilərə zəmanətli tədarük hüququ verir, Micron-a isə gələcək illər üçün sabit qiymət və minimum mənfəət marjası (döşəmə qiyməti) təmin edərək bazarın yenidən çökmə riskini sığortalayır.

Yalnız cari ilin əvvəlindən bəri 230%-dən çox dəyər qazanan Micron, may ayında bazar dəyərini 500 milyard dollardan 1 trilyon dollara cəmi 48 gündə çatdıraraq birja tarixinə düşüb. Son hesabatdan sonra birjaöncəsi (pre-market) ticarətdə səhmlərin daha 15,8% bahalaşması investorların şirkətə inamını göstərir.

Micron-un bu hesabatı bütövlükdə texnologiya sektoru üçün bir "reallıq yoxlaması" (reality check) idi. Şübhə edənlər süni intellekt infrastrukturuna qoyulan yüz milyardlarla dollarlıq investisiyaların bir köpük (bubble) olduğunu iddia etsə də, Micron-un təqdim etdiyi rəqəmlər və 18 milyard dollardan çox nağd depozitlə dəstəklənən uzunmüddətli müqavilələr tələbatın tamamilə real olduğunu sübut edir.

Şirkətin növbəti rüb (IV rüb) üçün gəlir hədəfini 50 milyard dollara qaldırması və ümumi mənfəət marjası proqnozunu 86% olaraq açıqlaması yaddaş çiplərinin artıq adi bir "əmtəə" (commodity) deyil, qlobal strateji aktiv kimi qiymətləndirildiyini nümayiş etdirir. Hazırda şirkət mənfəətinin böyük hissəsini geri səhm alımına (share buyback) yönəldəcəyini və dividendləri artıracağını elan edib ki, bu da səhm üzərindəki pozitiv təzyiqi qoruyub saxlayacaq.

MONETAR.AZ