“Ford Motor Company” süni intellektin keyfiyyətə nəzarət və mühəndislik sahəsində mühüm rol oynasa da, uzun illərin peşəkar təcrübəsini tam əvəz edə bilmədiyini etiraf edib. Şirkət bu səbəbdən yüzlərlə təcrübəli mühəndisi yenidən işə cəlb etdiyini rəsmən təsdiqləyib.
“Bloomberg” və “Motor1” nəşrlərinin məlumatına görə, daha əvvəl şirkəti tərk etmiş bir sıra təcrübəli mühəndislər yenidən “Ford”a qayıdıblar. Jurnalistlər bunu 2025-ci ildə qeydə alınan rekord sayda avtomobil geriçağırılma kampaniyaları ilə əlaqələndirirlər. Bildirilir ki, şirkət rəhbərliyi keyfiyyətə nəzarət proseslərinin avtomatlaşdırılması imkanlarını əvvəlkindən daha yüksək qiymətləndirmişdi.
Şirkətin açıqlamasına əsasən, süni intellekt gözlənilən keyfiyyət standartlarını tam təmin edə bilmədiyi üçün “Ford” komandasına 350-dən çox təcrübəli texniki mütəxəssis cəlb olunub. Onların arasında həm şirkətin keçmiş əməkdaşları, həm də yeni kadrlar yer alır.
“Motor1” yazır ki, bu mütəxəssislər yalnız gənc mühəndislərin hazırlanması ilə deyil, həm də keyfiyyətə nəzarətdə istifadə olunan süni intellekt alqoritmlərinin təkmilləşdirilməsi ilə məşğul olacaqlar. Nəşrin müəllifi Cared Rozenholts bunu belə ifadə edib: “Başqa sözlə, Ford insanları müvəqqəti olaraq geri qaytarıb ki, onlar özlərini əvəz edəcək sistemləri öyrətsinlər”.
Mövzu ətrafında yaranan müzakirələrdən sonra “Ford” rəsmi bəyanat yayıb. Şirkət bildirib ki, 2023-cü ildən etibarən proqram təminatının hazırlanmasından istehsalat meydançalarında tədarükçülərlə əməkdaşlığa qədər bütün proseslər vahid idarəetmə modeli əsasında optimallaşdırılıb. Bu yanaşma “Quality Comes First” (“Keyfiyyət hər şeydən öncə gəlir”) prinsipi üzərində qurulub.
“Keyfiyyət sahəsindəki məqsədlərimizə çatmaq üçün müxtəlif alətlərdən, o cümlədən süni intellektdən istifadə edirik. Sİ potensial keyfiyyət problemlərini aşkar etmək üçün güclü vasitədir, lakin onun səmərəliliyi ondan istifadə edən insanların təcrübəsindən asılıdır. Məhz buna görə də 350-dən çox təcrübəli texniki mütəxəssis işə qəbul etmişik. Süni intellektin hesablama imkanlarını mühəndislərin onilliklər ərzində qazandığı təcrübə ilə birləşdirərək, potensial qüsurları vaxtında müəyyən edir, avtomobillərimizi daha yüksək keyfiyyətlə layihələndirir və problemlərin yaranmasının qarşısını alırıq”, — deyə şirkətin bəyanatında bildirilir.
MONETAR.AZ