“Windows”un vacib funksiyaları açıqlanıb

“Windows”un vacib funksiyaları

“Windows 11” əməliyyat sistemi 2026-cı ilin ikinci yarısında “26H2” adlı irimiqyaslı yenilənmə alacaq. Bu barədə “Windows Central” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yenilənməyə daxili süni intellekt (Sİ) köməkçisi olan “Ask Copilot” əlavə ediləcək. İstifadəçilər bu xidmətlə həm mətn, həm də səs vasitəsilə ünsiyyət qura biləcəklər.

Bundan əlavə, tapşırıqlar panelinin (taskbar) fərdiləşdirilməsi imkanları genişləndiriləcək. İstifadəçilər paneli ekranın yuxarı hissəsində yerləşdirə, həmçinin yenilənmiş “Başlat” (Start) menyusundan istifadə edə biləcəklər.

Yeni versiyada daxili axtarış sistemi də təkmilləşdiriləcək. İstifadəçilər axtarışı elə tənzimləyə biləcəklər ki, yalnız kompüterdə saxlanılan fayllar göstərilsin, internet nəticələri isə gizlədilsin.

Yenilənmə ilə birlikdə sistem yeniləmələrini 35 günədək təxirə salmaq imkanı da təqdim olunacaq. Həmçinin, uzun illərdən sonra “Çalışdır” (Run) pəncərəsinin dizaynı yenilənəcək.

“Windows Central” qeyd edir ki, sadalanan funksiyaların əksəriyyəti artıq erkən sınaq (preview) versiyalarından istifadə edənlər üçün əlçatandır.

Xatırladaq ki, daha əvvəl “PCWorld” nəşri bəzi “Windows” istifadəçilərinin ekranı tam örtən ağ pəncərə problemi ilə üzləşdiyini, bunun isə “Google Chrome” brauzeri ilə əlaqəli olduğunu bildirmişdi.

MONETAR.AZ