Depozit həcminə görə Böyük Britaniyanın ən iri korporativ bankı olan «Barclays» avtomatlaşdırma və süni intellektin tətbiqi çərçivəsində ilin sonuna qədər 5 min əməkdaşını işdən çıxarmağı planlaşdırır.
Bankın maliyyə direktoru Anna Kross üçüncü rübün nəticələrinin təqdimatı zamanı bildirib ki, ixtisar ediləcək iş yerlərinin təxminən 60%-i dəstək xidmətlərinin, o cümlədən proqram təminatı tərtibatçılarının payına düşür.
Hazırda «Barclays»da təxminən 94 min nəfər çalışır. Planlaşdırılan ixtisarlar bankın ümumi əməkdaşlarının təxminən 5%-nə təsir edəcək.
Əsas ixtisarların bankın Böyük Britaniyadakı pərakəndə bankçılıq bölməsində və London xaricindəki ən böyük ofisinin yerləşdiyi «Barclays Global Service Centre» (BGSC) India regional mərkəzində həyata keçirilməsi gözlənilir.
«Barclays»ın baş icraçı direktoru K.S. Venkatakrişnan bildirib ki, ixtisarlar ani qərarın nəticəsi deyil, bankın uzun illərdir davam edən rəqəmsallaşma prosesinin tərkib hissəsidir.
Onun sözlərinə görə, bu yanaşma təkrarlanan vəzifələrin aradan qaldırılmasına və bankın gəlirliliyinin artırılmasına imkan verəcək.
Xərclərin azaldılması proqramı çərçivəsində «Barclays» 2026–2028-ci illərdə 2 milyard funt sterlinqdən çox, təxminən 2,6 milyard dollar qənaət etməyi planlaşdırır.
MONETAR.AZ