26 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim təşkil olunub.
Təlimdə DİM-in Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Akif Bayramov və sektorun böyük məsləhətçisi Röyal Şərifov çıxış ediblər. Tədbirdə mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının əməkdaşları iştirak ediblər.
Təlim zamanı iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi müsahibə və daxili müsahibə yolu ilə tutulması qaydaları, namizədlərə dair tələblər, vəzifələr üzrə qulluq funksiyalarının və vəzifələrin tutulması şərtlərinin müəyyənləşdirilməsi barədə məlumat verilib.
Bununla yanaşı, müxtəlif dövrlərdə təsdiq edilmiş ali təhsil ixtisaslarının uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsil tələblərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanmasına dair tələblər və “Dövlət qulluğu – Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə qaydaları izah olunub.
Təlimdə, həmçinin dövlət qulluğu sahəsinə aid digər məsələlər müzakirə edilib. Sonda iştirakçıların sualları cavablandırılıb.