Ümumdünya Allergiya ilə Mübarizə Günü 2005-ci ildən etibarən hər il iyulun 8-də qeyd olunur.
Ümumdünya Allergiya Təşkilatının və Ümumdünya İmmunopatologiya Təşkilatının təşəbbüsü ilə təsis edilən bu günün əsas məqsədi allergiyanın əlamətləri, profilaktikası və müalicəsi barədə ictimaiyyətin məlumatlandırılmasıdır.
Allergiya orqanizmin ətraf mühitdə mövcud olan bəzi maddələrə, allergenlərə qarşı həssaslığının artması nəticəsində yaranan reaksiyadır. Bu həssaslıq həmin maddələrlə təkrar təmas zamanı özünü göstərir. Allergenlərə küçə, ev və kitab tozu, heyvan tükləri, bitki tozcuqları, dərman vasitələri, qida məhsulları (xüsusilə yumurta, süd, buğda, soya, dəniz məhsulları, qoz, fındıq və bəzi meyvələr), məişət kimyəvi vasitələri, həşərat sancmaları, kif, lateks, eləcə də ev heyvanlarının həyat fəaliyyəti məhsulları daxildir.
"Allergiya" termini tibbi ədəbiyyata 1906-cı ildə daxil edilib. Bu terminin müəllifi avstriyalı pediatr Klemens Peter Freyherr von Pirke hesab olunur. Bununla belə, allergiyanın tarixi daha qədim dövrlərə gedib çıxır. Hələ qədim Misirdə müasir dövrdə allergiyanın klinik əlamətləri kimi qiymətləndirilən simptomlar təsvir olunub. Lakin tibb elmi bu xəstəliyi yalnız XIX əsrdə sənayenin sürətli inkişafı və ətraf mühitin çirklənməsinin artdığı dövrdə sistemli şəkildə öyrənməyə başlayıb. Allergiyanın mahiyyəti isə yalnız XX əsrin sonlarında tam aydınlaşdırılıb. Ekoloji tarazlığın pozulması ilə yanaşı, allergik xəstəliklərin yayılması da getdikcə genişlənib.
Hazırda allergiya dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya əhalisinin təxminən 40 faizi müxtəlif növ allergiyalardan əziyyət çəkir və bu göstərici həm uşaqlar, həm də böyüklər arasında artmaqda davam edir. Böyük şəhərlərdə isə əhalinin 30–60 faizi müxtəlif allergik xəstəliklərlə üzləşir. Allergiya, eyni zamanda, bronxial astma kimi xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər və ciddi tibbi, sosial və iqtisadi problem hesab olunur.
Allergiyanın inkişafına təsir göstərən əsas amillər sırasında ətraf mühitin çirklənməsi, psixoloji gərginlik, iqlim dəyişikliyi, keyfiyyətsiz qidalar və dərman vasitələrinin nəzarətsiz istifadəsi xüsusi yer tutur. Bununla yanaşı, allergiyaya meyillilik əsasən irsi xüsusiyyətlərlə bağlıdır. İnsan allergik reaksiyalara meyilliliyi müəyyən edən genləri irsən əldə edir. Allergiya əksər hallarda erkən uşaqlıq dövründə qida məhsullarına qarşı yüksək həssaslıq şəklində özünü göstərir.
Allergik reaksiyalar təsir göstərdiyi orqan və sistemlərə görə tənəffüs yolları, dəri və göz allergiyaları kimi qruplaşdırılır. Yaranma səbəblərinə görə isə müxtəlif allergiya növləri mövcuddur. Allergiyanın əlamətlərinə selikli qişaların qıcıqlanması, dəri səpkiləri, ödem, ekzema, uzunmüddətli burun axması və ya öskürək, tənəffüs çətinliyi, ümumi halsızlıq və digər simptomlar daxildir. Bu əlamətlər müşahidə olunduqda terapevt və ya allerqoloqa müraciət etmək tövsiyə olunur.
Allergiyası və ya allergiyaya meyilliliyi olan şəxslərin ağırlaşmaların qarşısını almaq üçün müəyyən qaydalara əməl etməsi vacibdir. Ən mühüm qayda allergenlərlə təmasdan mümkün qədər uzaq durmaqdır. Çünki allergik reaksiyalar təkrar təmas zamanı daha ağır formada özünü göstərə bilər.
Təəssüf ki, insanların əksəriyyəti bu xəstəliyə kifayət qədər ciddi yanaşmır. Bir çox hallarda isə allergiyanın əlamətləri digər xəstəliklərlə qarışdırılır və insanlar xəstə olduqlarını belə bilmirlər. Allergiya barədə məlumatlılığın və maarifləndirmənin kifayət qədər olmaması düzgün diaqnozun qoyulmasını və vaxtında müalicənin başlanmasını gecikdirə, bəzi hallarda isə həyat üçün təhlükəli ağırlaşmalara səbəb ola bilər.