Odlar Yurdu Universiteti dekan axtarır

Odlar Yurdu Universiteti

Odlar Yurdu Universiteti “Humanitar, təhsil və dillər”, “Təbiət və texnologiya” və “İqtisadiyyat və idarəetmə” fakültələri üzrə dekan vəzifələrinə vakansiya elan edib.

Vakansiya üzrə namizədlərdən profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad, ali təhsil müəssisəsində minimum 5 il elmi-pedaqoji təcrübə, həmçinin rəhbər vəzifədə iş təcrübəsi tələb olunur. Bununla yanaşı, akademik və inzibati idarəetmə bacarığı, kollektivlə işləmək və qərarvermə qabiliyyəti əsas meyarlardan hesab edilir.

Namizədlərdən şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil və elmi dərəcə haqqında sənədlər, elmi və elmi-metodiki işlərin siyahısı, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal və fakültənin inkişafı ilə bağlı platforma təqdim etmələri tələb olunur.

Müraciətlər universitet rektorunun adına yazılmış ərizə ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərilə və ya universitetin Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 13 ünvanında yerləşən inzibati binasında İnsan Resursları departamentinə təqdim oluna bilər.

Sənəd qəbulu elanın yerləşdirildiyi tarixdən etibarən 30 gün müddətində aparılacaq.

MONETAR.AZ