Dünya bazarında Arabika qəhvə fyuçerslərinin qiyməti bir funt üçün 2,96 ABŞ dollarına yüksələrək aprelin 23-dən bəri ən yüksək səviyyəyə çatıb.
Qiymət artımına qlobal ehtiyatların azalması və Braziliyada qəhvə yığımının ləng getməsi ilə bağlı narahatlıqlar səbəb olub.
Qitələrarası Birjanın (ICE) məlumatına görə, sertifikatlaşdırılmış Arabika qəhvə ehtiyatları daha 3 069 kisə azalaraq 377 465 kisəyə enib. Bu, 2024-cü ilin mart ayından bəri qeydə alınan ən aşağı göstəricidir. Müqayisə üçün, ötən ilin eyni dövründə ehtiyatların həcmi 841 173 kisə təşkil edirdi.
Bazar iştirakçıları Braziliyanın əsas qəhvə istehsalı bölgələrində yağıntılar səbəbindən məhsul yığımının gecikməsini və məhsulun keyfiyyəti ilə bağlı riskləri də qiymətlərə təsir edən əsas amillər kimi qiymətləndirirlər.
"Safras & Mercado" şirkətinin məlumatına əsasən, iyunun 24-nə olan vəziyyətə görə Braziliyada qəhvə yığımı 44 faiz icra olunub. Bu göstərici ötən ilin eyni dövründə 51 faiz, son beş ilin orta göstəricisi isə 47 faiz olub.
Meteoroloji xidmət "Climatempo"nun proqnozuna görə, iyulun ilk yarısında Braziliyanın əsas istehsal bölgələrində quru hava şəraiti üstünlük təşkil edəcək. Bu isə məhsul yığımı və sonrakı emal proseslərinin sürətlənməsinə əlverişli şərait yaradacaq.
MONETAR.AZ