Azərbaycanda 2025-ci ildə buğda ehtiyatlarının ümumi həcmi 3 milyon 299 min ton təşkil edib. İl ərzində mövcud buğdanın əsas hissəsi qida məhsullarının istehsalına yönəldilib.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ildə ölkədəki buğdanın 1 milyon 861,8 min tonu qida məhsullarının istehsalına sərf olunub. Bu, ümumi ehtiyatların 56,4%-nə bərabərdir.
Qida sənayesində istifadə olunan buğdanın 1 milyon 819,3 min tonu un və yarma istehsalına yönəldilib. Beləliklə, ölkənin ümumi buğda ehtiyatlarının 55%-dən çoxu un və yarma istehsalında istifadə olunub.
Buğda ehtiyatlarının 687,7 min tonu mal-qara və quş yeminə, 139,7 min tonu qeyri-qida məhsullarının istehsalına, 100,8 min tonu isə toxum məqsədilə istifadə edilib. Əhalinin şəxsi istehlak fondunda 32,2 min ton buğda olub. Bu göstərici ümumi ehtiyatların cəmi 1%-nə yaxınını təşkil edib.
2025-ci ildə buğda ixracı həyata keçirilməyib. İl ərzində 54,4 min ton buğda itkiyə gedib. İlin sonunda ölkədə 422,4 min ton buğda qalıb. Bu həcm ümumi illik ehtiyatların 12,8%-nə bərabər olub.