Belarusun kalium gübrəsi ABŞ bazarına qayıdır

Belarusun kalium gübrəsi

Belarusun “Belaruskali” şirkəti sanksiyaların yumşaldılmasından sonra ilk dəfə ABŞ bazarına kalium gübrəsi göndərib.

“Financial Times” “Argus”a istinadən yazır ki, sentyabrın 15-də şirkət Rusiyanın Bronka limanında Marşall Adaları bayrağı altında üzən gəmiyə 30 min ton qranullaşdırılmış kalium gübrəsi yükləyib. “Kpler”in məlumatına görə, gəminin oktyabrın 14-də ABŞ-ın Yeni Orlean limanına çatması gözlənilir.

Bu, Belarusun kalium sənayesinə qarşı ABŞ sanksiyalarının yumşaldılmasından sonra ölkənin ABŞ-a ilk gübrə tədarükü olacaq.

ABŞ Belarusun kalium istehsalçılarına qarşı sanksiyaları 2021-ci ildə ölkədə keçirilən etirazların yatırılmasından sonra tətbiq etmişdi. Daha sonra Vaşinqton siyasi məhbusların azad edilməsi fonunda məhdudiyyətləri mərhələli şəkildə yumşaldıb. 2025-ci ilin dekabrında 100-dən çox şəxsin azad edilməsindən sonra kalium sənayesinə dair sanksiyalar zəiflədilib. “Euroradio”nun məlumatına görə, 2026-cı ilin martında isə “Belaruskali”yə qarşı məhdudiyyətlər tamamilə ləğv edilib.

2017–2021-ci illərdə Belarus ABŞ-a ildə orta hesabla 635 min ton kalium gübrəsi ixrac edib. Hazırkı 30 min tonluq partiya isə ABŞ-ın ötən il idxal etdiyi 5,6 milyon ton kalium gübrəsinin yalnız kiçik hissəsini təşkil edir. Bu idxalın təxminən 80 faizi Kanadanın payına düşüb.

ABŞ Prezidenti Donald Tramp sentyabrın 21-də Vaşinqtonun Kanada kaliumundan xeyli ucuz olması gözlənilən Belarus gübrəsinin alınması ilə bağlı “miqyaslı sövdələşmə” üzərində işlədiyini açıqlayıb. Daha sonra ABŞ Kanada kaliumunun idxalını da davam etdirəcəyini bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə sentyabrın 11-də ölkənin artıq ABŞ alıcılarına kalium satmağa başladığını, lakin tədarük həcmini dərhal artırmağın mümkün olmadığını deyib.

Belarusun ABŞ-a ixracı Rusiya limanları vasitəsilə həyata keçirilir. Buna səbəb Avropa İttifaqının sanksiyalarının ölkənin kalium ixracı üçün tarixən əsas marşrutlardan biri olan Litvanın Klaypeda limanına çıxışı məhdudlaşdırmasıdır.

2021–2022-ci illərdə tətbiq edilən məhdudiyyətlərdən sonra Belarus kalium ixracını Rusiya üzərindən yönləndirməyə başlayıb. Bu isə logistika xərclərini artırıb və Belarus gübrəsinin alıcılara daha böyük endirimlərlə təklif edilməsinə səbəb olub.

BEROC analitik mərkəzinin baş tədqiqatçısı Dmitri Krukun sözlərinə görə, ABŞ bazarına qayıdış Belarusun beynəlxalq nüfuzuna müsbət təsir göstərə, eyni zamanda həm məhsul qiymətlərinə, həm də logistika xərclərinə müsbət təsir edə bilər.

MONETAR.AZ