Bu payız birillik bitkilər üzrə kredit faizlərini dövlət ödəyəcək

Bu payız birillik bitkilər üzrə

Bu payız birillik bitkilərin əkini ilə bağlı veriləcək kreditlərin faizləri dövlət tərəfindən qarşılanacaq. Monetar.az “xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdam rayonunda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunan tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində kreditlər üzrə faiz subsidiyası mexanizmi artıq təsdiqlənib.

Bu mexanizm həm Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən, həm də özəl banklar vasitəsilə veriləcək kreditlərə şamil olunacaq. Məcnun Məmmədov qeyd edib ki, mexanizmin tətbiqi Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Sığorta Fondu çərçivəsində həyata keçiriləcək.

“AKİA çərçivəsində birillik bitkilərə ilk dəfə olaraq bu payız limitli şəkildə veriləcək kreditlərin, yəni birillik və mövsümi kreditlərin faizlərinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulub”, – deyə nazir bildirib.

Nazir Qarabağ və Şərqi Zəngəzurda aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verib. Onun sözlərinə görə, bölgədə bağçılığın inkişafı, su infrastrukturunun qurulması və müasir suvarma sistemlərinin genişləndirilməsi istiqamətində işlər aparılır.

Bundan başqa, özəl sektor tərəfindən təqdim olunan quşçuluq layihələrinin, eləcə də müasir suvarmanın genişləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.