Ağdam rayonunda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsinə start verilib.
Monetar.az Trend-in Qarabağ bürosuna istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir bölgələrdə təşkil olunan silsilə müzakirələrin 25-cisidir.
Paneldə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, “Agro Dairy” MMC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Niyazi Əmirbəyov, “Azərşəkər” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Nəsib İslamzadə iştirak edirlər.
Müzakirələrdə Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində müəyyənləşdirilən hədəflər və bu istiqamətdə tətbiq olunan dövlət dəstəyi mexanizmləri əsas müzakirə mövzularındandır.
Panel zamanı işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün yaradılan imkanlar da diqqət mərkəzindədir. Ağdamda həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi, rayonun aqrar potensialından səmərəli istifadə, eləcə də sahibkarların regiona cəlb olunması məsələləri ətrafında fikir mübadiləsi aparılır.
Qeyd edək ki, sözügedən Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənib.
Proqramda kənd təsərrüfatında məhsuldarlığın və istehsal həcminin artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və ölkənin ərzaq təminatının gücləndirilməsi əsas hədəflər sırasında yer alır.
Aqrar Subsidiya Şurasının sentyabrın 7-də təsdiqlədiyi yeni dövlət dəstəyi mexanizmləri də məhz bu hədəflərə uyğunlaşdırılıb. Qərarla kənd təsərrüfatı sektorunda yeni subsidiya mexanizmləri tətbiq edilir, həmçinin mövcud subsidiya şərtlərinə dəyişikliklər olunur.
Yeni mexanizmlərin əsas məqsədi aqrar istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqinin sürətləndirilməsi və fermerlərin investisiya imkanlarının genişləndirilməsi ilə yanaşı, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir.