Arıçılıq məhsullarının 26-cı Respublika sərgi-satış yarmarkasında iştirak etmək istəyən arıçılar üçün qeydiyyat bu gün başlayır.
Monetar.az xəbər verir ki, qeydiyyat sentyabrın 7-si saat 11:00-dan sentyabrın 9-u saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada aparılacaq.
Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2026-cı il sentyabrın 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq.
Yarmarkada iştirak hüququ qazanan arıçılara bu barədə SMS vasitəsilə məlumat veriləcək.
Hər bir arıçı yarmarkada maksimum 450 kiloqram bal və 30 ədəd arı şanı satışa çıxara biləcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən satışa çıxarılan baldan nümunələr götürülərək laboratoriyada yoxlanılacaq. Keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsulların satışına icazə verilməyəcək.
Qeyd edək ki, yarmarkaya müraciət və məhsulların analizləri ödənişli olacaq. İştirakçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi, həmçinin digər zəruri xidmətlərlə təmin ediləcəklər.