Süni intellekt sahəsində dünyanın aparıcı şirkətlərində çalışmış britaniyalı mütəxəssis Ceykob Kokson texnologiyanın inkişafı ilə bağlı ciddi xəbərdarlıq edib. O, süni intellektin yaxın illərdə bəşəriyyət üçün ölümcül təhlükəyə çevrilə biləcəyini və hazırkı inkişaf tempinin riskləri artırdığını bildirib.
“The Wall Street Journal”ın yazdığına görə, 27 yaşlı Kokson bu fikirləri “OpenAI” şirkətindən sonra çalışdığı “Anthropic”dən ayrıldıqdan sonra səsləndirib.
Mütəxəssis hesab edir ki, süni intellekt üzərində işləyən şirkətlər arasında getdikcə sərtləşən rəqabət təhlükəsizlik məsələlərini ikinci plana keçirir. Onun sözlərinə görə, Qərb şirkətləri həm bir-biri ilə, həm də Çindən bazara daxil olan yeni rəqiblərlə mübarizə apardığından, texnologiyanın inkişaf sürətini qorumaq üçün müəyyən təhlükəsizlik güzəştlərinə getmək məcburiyyətində qalırlar.
Koksonun fikrincə, hazırda ən radikal ssenarilərdən birinin reallaşması istiqamətində hərəkət edilir və vəziyyətin nəzarətdən çıxması üçün uzun illər gözləmək lazım olmaya bilər.
O bildirib ki, süni intellekt sahəsində çalışan bəzi mütəxəssislər texnologiyanın bu onilliyin sonuna qədər bəşəriyyət üçün son dərəcə ağır nəticələr yarada biləcəyini düşünür. Kokson isə hesab edir ki, təhlükənin qarşısını almaq üçün mövcud yanaşma kifayət deyil.
Mütəxəssis ilin əvvəlində “OpenAI”dən “Anthropic”ə keçməsinin əsas səbəbinin bu şirkətin süni intellekt modellərinin təhlükəsizliyinə daha ciddi yanaşması olduğunu qeyd edib. Lakin onun sözlərinə görə, zaman keçdikcə bu yanaşmanın da problemin həlli üçün yetərli olmadığı qənaətinə gəlib.
Koksonun mövqeyinə əsasən, dövlətlərin müdaxiləsi və ya süni intellekt texnologiyalarının inkişaf tempinin şirkətlər arasında razılaşdırılmış şəkildə məhdudlaşdırılması olmadan ayrı-ayrı korporasiyaların təhlükəsizliyi prioritet kimi qoruması olduqca çətindir.
“Anthropic” isə Koksonun şirkətdən ayrılması və onun səsləndirdiyi fikirlərlə bağlı hər hansı şərh verməyib.
Qeyd edək ki, “Anthropic”in baş icraçı direktoru Dario Amodei və şirkətin digər rəhbərləri də daha əvvəl nəzarətsiz süni intellekt modellərinin yarada biləcəyi risklərlə bağlı dəfələrlə xəbərdarlıq ediblər. Onlar süni intellekt sistemlərinin inkişafında təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb və sektor iştirakçılarını inkişaf tempinə yenidən baxmağa çağırıblar.
MONETAR.AZ