"Sony" flaqman smartfonunu Android 17-yə keçirdi: yeni funksiyalar təqdim edildi

"Sony" flaqman smartfonunu Android 17-yə keçirdi:

“Sony” flaqman smartfonu “Xperia 1 VIII” üçün “Android 17” əməliyyat sisteminin yayımına start verib. Yeni proqram təminatı artıq Böyük Britaniya və Almaniyadakı istifadəçilər üçün əlçatandır. Yeniləmənin yaxın müddətdə digər ölkələrdə də istifadəyə veriləcəyi gözlənilir.

“Android 17” ilə “Xperia” smartfonlarına bir sıra yeni imkanlar gətirilir. Əsas yeniliklərdən biri “Desktop mode” olan masaüstü rejimidir. Bu funksiya vasitəsilə smartfonu xarici monitora qoşaraq kompüter interfeysinə bənzər iş mühiti yaratmaq mümkündür. Bənzər imkan “Samsung” smartfonlarında uzun müddətdir mövcuddur.

Masaüstü rejiminin yalnız yeni flaqmanla məhdudlaşmayacağı bildirilir. Funksiya “Xperia 1 VII” və “Xperia 1 VI” modelləri üçün də təqdim ediləcək.

Yeniləmə ilə smartfonun fərdiləşdirmə imkanları da genişləndirilir. Divar kağızı və saat parametrlərində dəyişikliklər edilib, istifadəçilərə tətbiq ikonlarının forma və üslubunu fərdiləşdirmək imkanı yaradılıb. Cəld tənzimləmələr paneli də daha çevik idarəetmə imkanları əldə edib.

Ekran yazısı funksiyasında da mühüm dəyişiklik var. İstifadəçi artıq bütün ekranı deyil, yalnız seçilmiş tətbiqi də yaza bilər. Bundan başqa, ekran yazısı zamanı mikrofon səsi ilə sistemdən gələn səsi eyni vaxtda qeydə almaq mümkündür.

Kamera imkanlarında da yenilik diqqət çəkir. Foto rejimində rəng və ton parametrlərini fərdiləşdirmək və üçədək şəxsi hazır ayarı yaddaşda saxlamaq mümkün olacaq. Bu isə müxtəlif çəkiliş şəraitləri üçün əvvəlcədən hazırlanmış görüntü parametrlərindən daha rahat istifadə etməyə imkan verir.

Ümumilikdə “Android 17” yeniləməsinin beş “Xperia” modelinə təqdim ediləcəyi bildirilir. Siyahıya “Xperia 1 VIII”, “Xperia 1 VII”, “Xperia 1 VI”, “Xperia 10 VIII” və “Xperia 10 VII” daxildir.

MONETAR.AZ