"Ryanair" 260 uçuşu ləğv etdi: zərər 6 milyon dollara çatır

"Ryanair" 260 uçuşu ləğv etdi:

Böyük Britaniyada hava hərəkətinin idarəetmə sistemində dünən baş verən genişmiqyaslı nasazlıqdan sonra "Ryanair" 260 reysi ləğv edib. Aviaşirkətin baş icraçı direktoru Maykl O'Liri bildirib ki, hadisənin şirkətə dərhal vurduğu zərər 2,5–3 milyon funt sterlinq (3,38–4,06 milyon dollar) təşkil edib.

Reyslərin ləğvi təxminən 48 min sərnişinə təsir göstərib. Bu isə sərnişinlərin yerləşdirilməsi, alternativ uçuşların təşkili, xidmət göstərilməsi və kompensasiya ödənişləri ilə bağlı əlavə xərclər yaradıb.

O'Liri jurnalistlərə açıqlamasında bildirib ki, ümumi maliyyə zərəri 5–6 milyon dollara çata bilər. O, həmçinin ekipajların müxtəlif məntəqələrdə qalması və əməliyyat qrafikinin pozulması səbəbindən çərşənbə günü daha 30 reysin ləğv ediləcəyini qeyd edib.

Şirkət rəhbərinin sözlərinə görə, Böyük Britaniyanın hava hərəkətini idarəetmə xidməti "NATS" nasazlığın səbəbinin 2023-cü ildə baş vermiş oxşar insidentlə eyni olduğunu bildirib. Belə ki, sistemə eyni aeroport üzrə təkrarlanan məlumat (dublikat aeroport yazısı) olan səhv uçuş planı daxil edilib və bu, sistemin fəaliyyətinin dayanmasına səbəb olub.

Baş verən insident Böyük Britaniyanın aviasiya infrastrukturunun dayanıqlılığı və hava hərəkətinə nəzarət sistemlərinin etibarlılığı ilə bağlı sualları yenidən gündəmə gətirib.

MONETAR.AZ