Rusiyanın 3 ən böyük terminalı taxıl qəbulunu məhdudlaşdırıb

Rusiyanın 3 ən böyük terminalı taxıl qəbulunu

Rusiyanın Qara dənizdə yerləşən üç böyük taxıl ixrac terminalı təhlükəsizlik risklərinin artması səbəbindən avtomobil nəqliyyatı ilə taxıl qəbulunu məhdudlaşdırıb.

Reuters-in beş sahəvi mənbəyə istinadən yaydığı məlumata görə, qərar Qara dənizdə gəmiçilik risklərinin yüksəlməsi və Azov dənizində tətbiq edilən məhdudiyyətlərdən sonra yük axınının artması fonunda qəbul edilib.

Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiya bu ay Ukrayna dronlarının bir neçə taxıl daşıyan gəmiyə hücumundan sonra Azov dənizi istiqamətində gəmiçiliyi məhdudlaşdırıb. Bu marşrut ölkənin ümumi taxıl ixracının təxminən dörddə birinin həyata keçirildiyi əsas nəqliyyat yollarından biri hesab olunur.

Azov dənizi vasitəsilə daşınan taxılın bir hissəsi avtomobil və dəmir yolu ilə Qara dənizin dərin su terminallarına yönəldilsə də, son dövrdə Qara dəniz limanlarına qarşı hücumların artması logistika risklərini yüksəldib.

“Risklər artıb və daha az insan ehtiyatsız riskə getməyə hazırdır”, — mənbələrdən biri bildirib.

Avtomobil yolu ilə tədarükü məhdudlaşdıran terminallar arasında Novorossiysk limanındakı NZT və KSK, eləcə də Taman limanındakı ZTKT terminalı yer alır. Bu obyektlərin ümumi ixrac gücü ildə 20 milyon tondan çox taxıl təşkil edir. Rusiyanın illik dəniz yolu ilə taxıl ixracı isə təxminən 50 milyon ton həcmində qiymətləndirilir.

Novorossiyskdə yerləşən iki terminal dəmir yolu ilə də taxıl qəbul edə bilir, lakin bu imkan əsasən Rusiyanın cənub regionlarından gələn yüklərlə məhdudlaşır. Bu terminallarda emal olunan taxılın təxminən üçdə biri yük avtomobilləri ilə daşınır. Taman limanındakı ZTKT isə yalnız avtomobil nəqliyyatı vasitəsilə qəbul həyata keçirir.

Terminallar əsasən Misir və Türkiyə kimi iri idxalçı bazarlara taxıl ixrac edir.

Azov dənizində kiçik gəmilərdən taxılın iri gəmilərə ötürülməsi üçün istifadə olunan Kavkaz limanı isə iyulun 10-da bölgədə gəmiçiliyə məhdudiyyətlərin tətbiqindən dərhal sonra fəaliyyətini dayandırıb. Bundan əlavə, Rusiya dron hücumları səbəbindən Novorossiysk limanına giriş-çıxışa gecə saatlarında məhdudiyyətlər tətbiq edib və bu rejim hazırda qüvvədə qalır.

Mənbələrin məlumatına görə, Rusiya ixrac marşrutlarını diversifikasiya etməyə çalışır. Yaxın perspektivdə Baltik dənizi limanları daha təhlükəsiz alternativ kimi prioritet istiqamətlərdən biri hesab olunur.

Xəzər dənizi marşrutu da mümkün alternativlər sırasında qalır, lakin bu istiqamət əsasən İrana tədarüklər üçün istifadə edilir. Yaxın Şərqdəki gərginlik və Ukraynanın İran gəmisinə hücumu fonunda bu marşrut üzrə risklər də artıb. Mənbələr bildirirlər ki, Xəzər vasitəsilə taxıl daşınması iyulun ortalarından etibarən əhəmiyyətli artım göstərməyib.

MONETAR.AZ