Şokolad ucuzlaşa bilər – kakao qiymətləri kəskin düşdü

Şokolad ucuzlaşa bilər –

Dünya bazarlarında kakao qiymətləri son həftələrdə qeydə alınan yüksək səviyyələrdən aşağı düşüb.

Kakao fyuçersləri hazırda bir ton üçün təxminən 5 700 dollar səviyyəsində ticarət olunur. Qiymət iyulun 9-da çatdığı səkkiz aylıq maksimumdan – 6 455 dollardan – geriləyib.

Ucuzlaşmaya əsas səbəb investorların mənfəət götürməsi və əsas istehsalçı olan Kot-d'İvuardan tədarüklərin artması ilə bağlı məlumatlar olub.

Məlumata görə, 2025-ci il oktyabrın 1-dən 2026-cı il iyulun 5-dək fermerlər tərəfindən limanlara 2,07 milyon ton kakao göndərilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21 faiz çoxdur.

Bununla yanaşı, ICE birjasının izlədiyi kakao ehtiyatları da artaraq son iki ilin ən yüksək səviyyəsinə – 3 milyon 151 min 790 kisəyə çatıb.

Bununla belə, 2026/2027 mövsümü üzrə məhsul gözləntiləri ilə bağlı narahatlıqlar qalır. Kot-d'İvuarda əsas məhsul yığımının güclü yağışlar və əlverişsiz hava şəraiti səbəbindən 10 faizdən çox azalacağı proqnozlaşdırılır.

Fermerlər bildirirlər ki, torpaqda rütubətin yüksək olması xəstəlik riskini artırır və normal məhsul üçün daha çox günəşli hava tələb olunur.

MONETAR.AZ