İlin əvvəlindən Azərbaycanda bir sıra məişət texnikası və digər qeyri-qida mallarının orta pərakəndə satış qiymətləri artıb. Ən böyük qiymət artımı fərdi istilik sistemi üçün qurğu, kondisioner və soyuducuda qeydə alınıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, fərdi (avtonom) istilik sistemi üçün qurğunun orta qiyməti yanvarda 982,13 manat olduğu halda, avqustda 994,51 manata yüksəlib. Bu, 1,3 faizlik artımdır.
Kondisionerin orta qiyməti 970,95 manatdan 979,59 manata yüksəlib. Soyuducunun qiyməti isə 935,21 manatdan 943,07 manata çatıb.
Tozsoranın orta qiyməti ilin əvvəlində 178,61 manat olduğu halda, avqustda 182,95 manat təşkil edib. Mikserin qiyməti 59,33 manatdan 61,71 manata, elektrik ütünün qiyməti isə 67,12 manatdan 68,33 manata yüksəlib.
Elektrik çaydanın orta qiyməti 42,12 manatdan 42,81 manata, ventilyatorun qiyməti 40,27 manatdan 40,96 manata, şirəsıxanın qiyməti isə 109,62 manatdan 110,84 manata qalxıb.
Paltaryuyan maşının qiyməti də cüzi artaraq 760,16 manatdan 761,17 manata yüksəlib. Elektrik sobanın orta qiyməti 140,07 manatdan 141,23 manata çatıb.
Bununla yanaşı, bəzi məhsullarda qiymət azalıb. Qaz plitəsinin orta qiyməti 368,81 manatdan 368,48 manata, elektrik plitənin qiyməti isə 71,16 manatdan 70,89 manata düşüb.
Beləliklə, təqdim olunan göstəricilərə əsasən, ilin əvvəlindən 15 məhsuldan 13-nün orta qiyməti artıb, 2 məhsulun qiymətində isə azalma qeydə alınıb.