2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının hər hektardan əldə olunan məhsuldarlığı ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Ən böyük yüksəliş şəkər çuğundurunda qeydə alınıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən aparılan hesablamaya görə, 2026-cı ilin ilk 8 ayında şəkər çuğundurunun hər hektardan orta məhsuldarlığı 44,2 ton təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 25,5 ton olub.
Beləliklə, şəkər çuğundurunda hektardan məhsuldarlıq bir il ərzində 18,7 ton və ya 73,2 faiz artıb.
Kartofda da məhsuldarlıq əhəmiyyətli dərəcədə yüksəlib. 2026-cı ilin yanvar-avqust aylarında bir hektardan orta hesabla 21,1 ton kartof əldə edilib. Ötən ilin eyni dövründə bu göstərici 19,6 ton olub. Artım 7,4 faiz təşkil edib.
Tərəvəz üzrə məhsuldarlıq da artıb. Bir hektardan əldə olunan məhsul 24,3 tondan 26,4 tona yüksəlib. Bu, 8,5 faiz artım deməkdir.
Əsas dənli və dənli paxlalı bitkilərdə də məhsuldarlıq yüksəlib. Hər hektardan orta məhsul 3,21 tondan 3,34 tona çatıb və 4 faiz artıb.
Günəbaxanda məhsuldarlıq 2,38 tondan 2,46 tona yüksəlib. Beləliklə, hektardan əldə olunan məhsul 3,6 faiz artıb.
Dən üçün qarğıdalıda isə artım daha zəif olub. Məhsuldarlıq 6,44 tondan 6,56 tona yüksələrək 1,8 faiz artıb.
Bostan bitkilərində də hektardan məhsuldarlıq cüzi yüksəlib. Ötən ilin yanvar-avqust aylarında 26,1 ton olan göstərici bu ilin eyni dövründə 26,7 tona çatıb.
Maraqlıdır ki, bəzi məhsullarda ümumi yığımın azalmasına baxmayaraq, hər hektardan əldə olunan məhsul artıb. Məsələn, tərəvəz üzrə yığılmış sahə 58,4 min hektardan 52,5 min hektara azalsa da, məhsuldarlıq 8,5 faiz yüksəlib.
Kartofda da oxşar vəziyyət yaranıb. Yığılan sahə 38,7 min hektardan 36,9 min hektara düşüb, lakin hektardan məhsuldarlıq 7,4 faiz artaraq ümumi yığımın yüksəlməsinə imkan verib.