2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu sentyabrın 24-dən başlayır. İlkin olaraq bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib, lakin gələcəkdə qiymətin artırılması istisna edilmir.
Monetar.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, dünyada baş verən hadisələr, eləcə də Səudiyyə Ərəbistanında xidmət paketlərində edilən dəyişikliklər səbəbindən ziyarətin qiymətində müəyyən artım ola bilər.
Həcc ziyarəti əvvəlki illərdə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Sənədlərin qəbulu sentyabrın 24-dən etibarən iş günləri saat 10:00-dan 16:00-dək QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Qeydiyyat üçün ümumvətəndaş pasportunun ən azı bir il etibarlılıq müddəti olmalıdır. Bundan əlavə, şəxsiyyət vəsiqəsinin surəti, 5x5 santimetr ölçüdə ağ fonda çəkilmiş iki ədəd rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.
QMİ rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin tələblərinə əsasən, sənədlərin qeydiyyatı və vizaların alınması prosesi əvvəlki illə müqayisədə daha erkən həyata keçirilməlidir. Buna görə Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatdan gecikmədən keçməsi tövsiyə olunur.