Goldman Sachs: qızıl bahalaşacaq, neft ucuzlaşacaq

   Goldman Sachs: qızıl bahalaşacaq,

Goldman Sachs qarşıdakı 12 ayda qlobal səhm bazarlarında artımın davam edəcəyini, qızılın bahalaşacağını, neftin isə ucuzlaşacağını proqnozlaşdırır. İnvestisiya bankının gözləntilərinə görə, Asiya-Sakit okean regionunun səhmləri əsas bazarlar arasında daha yüksək artım göstərə bilər.

Monetar.az xəbər verir ki, Goldman Sachs-ın qlobal makroiqtisadi və maliyyə aktivləri üzrə proqnozlarına əsasən, S&P 500 indeksinin 12 ay ərzində 7651 bənddən 8700 bəndə yüksələcəyi gözlənilir. Bu, təxminən 13,7 faiz artım deməkdir.

Yaponiya istisna olmaqla MSCI Asiya-Sakit okean indeksinin isə 880 bənddən 1120 bəndə yüksələcəyi proqnozlaşdırılır. Bu halda artım 27,2 faiz təşkil edə bilər.

Yaponiyanın TOPIX indeksinin 4091 bənddən 4600 bəndə, STOXX Europe 600 indeksinin isə 635 bənddən 695 bəndə yüksələcəyi gözlənilir. Bu göstəricilər müvafiq olaraq 12,4 faiz və 9,4 faiz artıma işarə edir.

İstiqraz bazarında da gəlirliliklərin aşağı düşəcəyi proqnozlaşdırılır. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyinin 5 faizdən 4,5 faizə, Almaniya istiqrazlarının gəlirliliyinin isə 3,5 faizdən 3,3 faizə enəcəyi gözlənilir.

Valyuta bazarında Goldman Sachs avronun dollara qarşı 1,15-dən 1,12-yə, funt sterlinqin isə 1,34-dən 1,28-ə geriləyəcəyini proqnozlaşdırır. Dolların yenə qarşı məzənnəsinin isə 157-dən 165-ə yüksələcəyi gözlənilir.

Əmtəə bazarında ən böyük dəyişikliklərdən birinin neftdə baş verəcəyi proqnozlaşdırılır. Brent markalı neftin qiymətinin hazırkı 103,9 dollardan 78 dollara qədər geriləyə biləcəyi bildirilir. Bu, təxminən 24,9 faizlik azalma deməkdir.

Bunun əksinə, qızılın qiymətinin 4352 dollardan 5140 dollara yüksələcəyi gözlənilir. Proqnozun reallaşması halında qiymət artımı 18,1 faiz təşkil edə bilər.

Mis üzrə də azalma proqnozlaşdırılır. LME misinin qiymətinin bir ton üçün 14 543 dollardan 13 800 dollara enəcəyi gözlənilir.