İlin əvvəlindən Azərbaycanda ət və ət məhsullarının bir çoxunun orta pərakəndə satış qiyməti artıb. Ən nəzərəçarpan bahalaşma sümüklü və sümüksüz mal əti, eləcə də kolbasa məhsullarında qeydə alınıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, sümüklü mal ətinin 1 kiloqramının orta qiyməti yanvarda 16,13 manat olduğu halda, avqustda 16,86 manata yüksəlib. Beləliklə, ilin əvvəlindən qiymət 4,5 faiz artıb.
Sümüksüz mal ətinin qiyməti isə 19,66 manatdan 20,62 manata qalxıb. Bu məhsul üzrə bahalaşma 4,9 faiz təşkil edib.
Sümüklü qoyun ətinin 1 kiloqramının orta qiyməti 18,76 manatdan 19,36 manata yüksəlib. Qaramal ciyərinin qiyməti də 11,21 manatdan 11,74 manata çatıb.
Kolbasa məhsullarında da qiymət artımı müşahidə olunub. Suda bişmiş kolbasanın orta qiyməti 15,56 manatdan 16,13 manata, hisə verilmiş və yarım hisə verilmiş kolbasanın qiyməti 19,76 manatdan 20,46 manata yüksəlib.
Sosiska və sardelkanın 1 kiloqramının orta qiyməti 14,88 manatdan 15,27 manata, mal ətindən farşın qiyməti isə 16,10 manatdan 16,62 manata qalxıb.
Toyuq məhsullarında artım daha zəif olub. Toyuq ətinin orta qiyməti 6,16 manatdan 6,30 manata, toyuq filesinin qiyməti 9,26 manatdan 9,32 manata yüksəlib. Toyuq budunun qiyməti isə 4,81 manatdan 4,88 manata çatıb.
Balıq məhsullarında da qiymətlər artıb. Təzə balığın 1 kiloqramının orta qiyməti 10 manatdan 10,24 manata, dondurulmuş balığın qiyməti 10 manatdan 10,20 manata yüksəlib.
Hisə verilmiş balığın qiyməti 15,46 manatdan 15,72 manata, yağda balıq konservinin 125 qramının qiyməti 2,54 manatdan 2,59 manata, tomat sousunda balıq konservinin qiyməti isə 1,79 manatdan 1,84 manata qalxıb.
Ümumilikdə, təqdim olunan göstəricilər ilin əvvəlindən ət və balıq məhsullarının əksəriyyətində qiymət artımının qeydə alındığını göstərir.