ABŞ adambaşına düşən dövlət borcunun həcminə görə dünyada ilk sırada yer alıb. Ölkədə bu göstərici 113 min 348 dollar təşkil edib.
Monetar.az xəbər verir ki, Visual Capitalist İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatları əsasında 2025-ci il və ya ən son mövcud göstəricilər üzrə ölkələrin adambaşına düşən ümumi dövlət borcunu müqayisə edib.
Siyahıda ikinci yerdə Yaponiya qərarlaşıb. Bu ölkədə adambaşına düşən dövlət borcu 110 min 667 dollar olub.
İtaliya 94 min 2 dollarla üçüncü, Belçika 82 min 89 dollarla dördüncü, Fransa isə 75 min 208 dollarla beşinci yerdədir.
İlk 10-luqda Kanada (74 260 dollar), Yunanıstan (73 078 dollar), Norveç (68 009 dollar), İspaniya (64 457 dollar) və Avstriya (64 298 dollar) da yer alıb.
Böyük Britaniyada bu göstərici 61 min 712 dollar, Finlandiyada 59 min 294 dollar, İslandiyada 55 min 663 dollar, İrlandiyada 54 min 878 dollar, Lüksemburqda isə 50 min 673 dollar təşkil edib.
Müqayisədə Almaniyada adambaşına düşən dövlət borcu 47 min 619 dollar, Niderlandda 42 min 114 dollar olub.
Türkiyədə isə göstərici 11 min 812 dollar təşkil edib. Beləliklə, ABŞ-da adambaşına düşən dövlət borcu Türkiyə ilə müqayisədə təxminən 9,6 dəfə çoxdur.
Qeyd olunur ki, adambaşına düşən dövlət borcunun yüksək olması öz-özlüyündə ölkənin borcunu ödəməkdə çətinlik çəkdiyi anlamına gəlmir. Borcun dayanıqlılığı iqtisadiyyatın həcmi, dövlət gəlirləri, faiz dərəcələri, iqtisadi artım və investorların dövlət borcuna tələbi kimi amillərdən də asılıdır.
OECD ölkələrində dövriyyədə olan dövlət istiqrazlarının ümumi borcu 2025-ci ildə rekord həddə – 61 trilyon dollara çatıb. Bu göstərici bir il əvvəl 55 trilyon dollar olub.