Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi üzrə cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 152,5 milyon manat vəsait daxil olub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi üzrə 40 hərrac keçirilib.
Hərracların nəticəsində 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 695 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmaların həcmi 114,7 milyon manat təşkil edib.
Eyni dövrdə 363-ü qeyri-yaşayış sahələri, 2590-ı isə torpaq sahələri üzrə olmaqla, ümumilikdə 2953 yeni icarə müqaviləsi bağlanılıb.
Daşınmaz dövlət əmlakının, o cümlədən qeyri-yaşayış sahələri və torpaqların icarəyə verilməsindən dövlət büdcəsinə 37,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2026-cı ilin ilk səkkiz ayında dövlət əmlakının özəlləşdirilməsi hesabına 114,7 milyon manat, icarəsindən isə 37,8 milyon manat olmaqla, büdcəyə ümumilikdə 152,5 milyon manat vəsait daxil olub.