Azərbaycan bank sektorunda struktur likvidlik profisiti ilin əvvəlindən əhəmiyyətli dərəcədə artıb. Məcburi ehtiyatlar nəzərə alınmadan bu göstərici avqustun sonunda 6,3 milyard manata çatıb. Bu, 2025-ci ilin dekabrı ilə müqayisədə 2,2 dəfə çoxdur.
Likvidliyin artması banklararası pul bazarında faizlərin də müəyyən qədər aşağı düşməsinə təsir edib. AZIR dərəcəsinin orta gündəlik göstəricisi iyulda 6,39 faiz, avqustda 6,28 faiz olub. Sentyabrın ötən dövründə isə bu göstərici 6,02 faizə enib.
Mərkəzi Bank likvidliyin idarə olunmasında əsasən yeddi günlük depozit əməliyyatlarından istifadə edir. Avqustun sonunda bu əməliyyatların payı açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin 70,8 faizini təşkil edib. Eyni zamanda Mərkəzi Bankın not portfelinin həcmi ilin əvvəlindən dörd dəfədən çox artıb.
Yeni faiz dəhlizi qərarı da məhz bu likvidlik şəraitində qəbul edilib. Aşağı həddin 5 faizə endirilməsi bankların öz aralarında pul bazarı əməliyyatlarını genişləndirməsinə şərait yaratmaq məqsədi daşıyır. Uçot dərəcəsi və yuxarı həddin dəyişdirilməməsi isə inflyasiya ilə bağlı mövcud mövqenin qorunduğunu göstərir.