Mərkəzi Bankın valyuta ehtiyatları 15,3 milyard dollara çatıb

Mərkəzi Bankın valyuta ehtiyatları

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2026-cı ilin səkkiz ayında 32,9 faiz artaraq 15,3 milyard ABŞ dollarına yüksəlib. Mərkəzi Bank bildirir ki, bu, onun valyuta ehtiyatları üzrə tarixi maksimum göstəricidir. Ehtiyatların artması valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələdiyi dövrə təsadüf edib.

Yanvar-avqust aylarında mübadilə məntəqələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satışdan 673 milyon dollar çox olub. Fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi də aşağı düşüb. İyulda bu göstərici 25,8 faiz təşkil edib ki, bu da son 12 ay ərzində 3,7 faiz bəndi azalma deməkdir.

Mərkəzi Bank valyuta bazarında təklifin artması və tələbin azalması şəraitində xarici valyuta alışları həyata keçirib. Nəticədə bankın ehtiyatlarında əhəmiyyətli artım qeydə alınıb. Eyni zamanda ölkənin xarici sektor göstəriciləri də müsbət olaraq qalır.

Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətində 10,4 milyard dollarlıq müsbət saldo yaranıb. Pul baratları üzrə saldo isə 751 milyon dollar təşkil edib və illik müqayisədə 74,1 faiz artıb. Mərkəzi Bank qlobal enerji qiymətləri və qeyri-neft-qaz ixracındakı meyillər nəzərə alınmaqla cari əməliyyatlar hesabı üzrə proqnozun yüksəldilə biləcəyini bildirir.