Xaricə uçuşlar bahalaşıb: bəzi istiqamətlərdə artım 38 faizi keçib

Xaricə uçuşlar bahalaşıb:

İlin əvvəlindən Azərbaycandan xarici ölkələrə hava nəqliyyatı xidmətlərinin orta qiyməti əhəmiyyətli dərəcədə artıb. MDB ölkələrinə uçuşların qiyməti 13,8 faiz, digər xarici ölkələrə uçuşların qiyməti isə 38,4 faiz yüksəlib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, MDB ölkələrinə sərnişin daşınmasının bir gediş üzrə orta qiyməti yanvarda 968,34 manat olduğu halda, avqustda 1102,11 manata çatıb.

Beləliklə, ilin əvvəlindən MDB istiqamətində bir gedişin orta qiyməti 133,77 manat və ya 13,8 faiz artıb.

MDB ölkələri istisna olmaqla digər ölkələrə hava nəqliyyatı xidmətlərinin orta qiyməti isə 533,11 manatdan 737,75 manata yüksəlib. Bu istiqamətdə artım 204,64 manat və ya 38,4 faiz təşkil edib.

Ölkə daxilində sərnişin daşınması üzrə hava nəqliyyatı xidmətlərinin orta qiymətində isə dəyişiklik olmayıb. Bir gediş üzrə qiymət həm yanvarda, həm də avqustda 58,79 manat təşkil edib.