“Renault” şirkəti Avropa bazarında Rafale kupe-krossoverinin “Hypnotic” adlı məhdud sayda istehsal ediləcək xüsusi versiyasını təqdim etməyə hazırlaşır. Yeni model 63,6 min avroluq qiyməti ilə “Renault”un ən bahalı krossoverinə çevriləcək.
Fransada satış qiyməti 63,6 min avro müəyyənləşdirilən Rafale Hypnotic hətta baza təchizatlı Mercedes-Benz GLC Coupe və Audi Q5 Sportback modellərindən də baha olacaq.
Avropa bazarı üçün modelin cəmi 1 500 ədəd istehsal edilməsi planlaşdırılır. Rafale Hypnotic “Atelier Alpine” versiyası əsasında hazırlanıb və standart modeldən fərqləndirən bir sıra xüsusi dizayn elementləri ilə təchiz olunub.
Avtomobilin kuzovu mat “Forest Black” rəngində işlənib. Radiator barmaqlığı və loqotiplər tünd rəngdə hazırlanıb, 21 düymlük disklər isə mat örtüklə tamamlanıb.
Salonda Alkantara və üçrəngli tikişlərdən istifadə olunub. Mərkəzi konsolda “Alpine” dekorativ elementləri yerləşdirilib, xüsusi seriyaya aid olduğunu göstərən fərdi nömrəli lövhəcik də salona əlavə edilib.
Rafale Hypnotic-in təchizatına matris LED optikası, şəffaflığını dəyişmək mümkün olan panoramik dam, 9 dinamikli “Harman Kardon” audio sistemi, proyeksiyalı displey, avtomatik parklanma sistemi və 360 dərəcəlik görüntü sistemi daxildir. Ön oturacaqlar qızdırma və masaj funksiyaları ilə təchiz edilib.
Krossover 1,2 litrlik turbomühərrik və üç elektrik mühərrikindən ibarət hibrid güc qurğusu ilə təchiz olunub. Sistemin ümumi gücü 300 at gücünə çatır. Avtomobildə 22 kVt·saat tutumlu batareya quraşdırılıb və model WLTP standartına əsasən yalnız elektrik enerjisi ilə 105 kilometrədək məsafə qət edə bilir.
Rafale Hypnotic-in şassisi “Alpine” mütəxəssisləri tərəfindən təkmilləşdirilib. Avtomobil tam idarəolunan şassi və kameradan əldə edilən məlumatlar əsasında işləyən proqnozlaşdırıcı adaptiv asqı sistemi ilə təchiz olunub.
Avropada yeni model üçün sifarişlərin qəbuluna payız aylarında başlanması, ilk avtomobillərin isə 2026-cı ilin sonuna qədər müştərilərə çatdırılması planlaşdırılır. Rafale Hypnotic-in rəsmi təqdimatının oktyabr ayında Paris Avtosalonunda keçirilməsi gözlənilir.
MONETAR.AZ