Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluqçularının peşəkar inkişafının dəstəklənməsi məqsədilə ölkənin regionlarında təlimlər təşkil edir.
Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1–3-cü bəndlərində nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilir. Strategiya üzrə DİM əsas icraçı qurum kimi müəyyən edilib.
Mərkəzdən bildirilib ki, bu çərçivədə 2026-cı ilin sonunadək Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq bütün regionlarda dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.
Sentyabrın 22-dən başlayan növbəti təlimlər sentyabrın 25-dək Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarında təşkil olunur.
Təlimlərin ilk günündə DİM əməkdaşları tərəfindən “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında təqdimatlar keçirilib. İştirakçılara mövzularla bağlı məlumat verilib, müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, dövlət qulluqçuları üçün bu təlimlərin ilin sonunadək Azərbaycanın digər şəhər və rayonlarında da davam etdirilməsi planlaşdırılır.