19 torpaq sahəsi hərraca çıxarılır – qiymətlər 120 manatdan başlayır

 19 torpaq sahəsi hərraca çıxarılır –

 23 sentyabrda 19 torpaq sahəsi müsabiqə və hərrac yolu ilə satışa və icarəyə çıxarılacaq. Torpaqların bir hissəsi kənd təsərrüfatı, digər hissəsi isə fərdi yaşayış evlərinin tikintisi və dağ-mədən fəaliyyəti üçün nəzərdə tutulub.

Monetar.az xəbər verir ki, torpaq müsabiqə və hərracları sentyabrın 23-də saat 15:00-da keçiriləcək. 

Hərraca çıxarılan torpaqlar arasında ən böyük sahə Şabran rayonunun Xəlfələr kəndində yerləşir. Pirəbədil Bələdiyyəsinə məxsus 18,5 hektar torpaq sahəsi 15 illik icarəyə verilir. Bu sahə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulub və ilkin icarə haqqı 1 905 manatdır.

Ən yüksək ilkin qiymət isə Göygöl rayonunun Tülalar kəndindəki 6,2392 hektar torpaq sahəsi üzrə müəyyənləşdirilib. Dağ-mədən istismarı işlərinin aparılması üçün nəzərdə tutulan bu torpaq sahəsi 15 illik icarəyə 7 050 manat ilkin qiymətlə müsabiqəyə çıxarılıb.

Fərdi yaşayış evi tikintisi üçün də iki torpaq sahəsi satışa çıxarılır. Kürdəmir rayonunun Atakişili kəndində 600 kvadratmetrlik sahənin ilkin qiyməti 12 min manat, Xırdapay kəndində 500 kvadratmetrlik sahənin ilkin qiyməti isə 7 500 manatdır.

Kənd təsərrüfatı məqsədilə təklif olunan torpaqlar arasında 8,04 hektarlıq sahə Ağstafa rayonunun Köçəskər kəndində, 5 hektarlıq sahə Ucar rayonunun Kürkənd kəndində, daha 5 hektarlıq sahə isə Ağsu rayonunun Cəfərli kəndində yerləşir.

Torpaqlar əsasən 15 illik icarəyə verilir. Siyahıda əkinçilik, heyvandarlıq, kənd təsərrüfatı məhsullarının istehsalı və digər məqsədlər üçün nəzərdə tutulan sahələr yer alır.