Alüminium Yaxın Şərq böhranı fonunda kəskin ucuzlaşdı

Alüminium Yaxın Şərq böhranı fonunda

Qlobal əmtəə birjalarında sənaye metallarının qiymətlərində ciddi korreksiya dalğası başlayıb. Yaxın Şərqdə geosiyasi gərginliyin yeni — daha aqressiv müstəviyə keçməsi və ABŞ-də faiz dərəcələrinin yenidən artırılması ehtimalı riskli aktivlərdən kütləvi qaçışa səbəb olub. Nəticədə London Metal Birjasında (LME) alüminiumun qiyməti son bir ayın ən aşağı səviyyəsinə geriləyib.

Bloomberg agentliyinin yaydığı məlumatlara görə, ABŞ hərbi qüvvələrinin İrandakı hədəflərə birbaşa zərbələr endirməsindən sonra maliyyə bazarlarında investorların riskdən yayınma (risk-off) mövqeyi maksimum həddə çatıb. Müharibənin uzanması fonunda formalaşan mənzərə metallara olan tələbatı aşağıdakı zəncirvari reaksiya ilə vurur:

  1. İnflyasiya təzyiqi və faiz gözləntisi: Münaqişə səbəbindən logistika və enerji xərclərinin artması qlobal inflyasiyanı yenidən tətikləyir. Bu isə mərkəzi bankları pul-kredit siyasətini daha da sərtləşdirməyə vadar edir.

  2. Sentyabrda ilk faiz artımı? İstiqraz bazarlarında treyderlər artıq ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxın aylarda bir yox, bir neçə dəfə faiz artıracağı ssenarisini qiymətlərə daxil edirlər. Bir çox investora görə, ilk restriktiv addım bu ilin sentyabr ayında atıla bilər.

  3. Likvidliyin sıxılması: "Chaos Ternary Futures" şirkətinin analitika şöbəsinin rəhbəri Li Syuəcji bildirir ki, ABŞ-də gözləniləndən güclü gələn məşğulluq (əmək bazarı) göstəricilərindən sonra qlobal likvidliyin daralacağı dəqiqləşib. Bu amil qızıl, gümüş, mis və alüminium kimi bütün əmtəə qrupları üçün fundamental mənfi drayverdir.

İnvestorlar hazırda faizlərin daha nə qədər yüksək qalacağını müyyən etmək üçün ABŞ-da açıqlanacaq növbəti inflyasiya hesabatına (CPI) fokuslanıblar.

Qısamüddətli geosiyasi və monetar təzyiqlərə baxmayaraq, ekspertlər sənaye metallarının uzunmüddətli gələcəyinə nikbin baxırlar. Bunun əsas səbəbi qlobal texnologiya sektorunun nəhəng infrastruktur layihələridir.

Çin hökuməti rəsmən bəyan edib ki, növbəti beş il ərzində ölkədə irihəcmli məlumat emalı mərkəzlərinin (data centers) və süni intellekt (AI) infrastrukturunun tikintisinə təxminən 2 trilyon yuan (təribən 295 milyard dollar) birbaşa sərmayə yatıracaq.

Süni intellekt serverlərinin, superkompüterlərin və bulut texnologiyalarının qurulması, həmçinin yüksək gərginlikli enerji şəbəkələrinin çəkilməsi mis və alüminiuma olan strateji qlobal tələbatı növbəti onillikdə də fundamental olaraq dəstəkləməyə davam edəcək.

MONETAR.AZ