Bir vaxtlar istifadə olunmayan geyimlərdən qurtulmağın ən sadə yolu onları tanışlara vermək və ya evdə saxlamaq idisə, indi bu əşyalar ayrıca iqtisadi dəyərə çevrilir. Büdcəyə qənaət etmək, brend məhsulları daha münasib qiymətə almaq və evdə istifadə olunmayan əşyaları gəlirə çevirmək istəyi ikinci əl bazarını sürətlə böyüdür.
Rəqəmsal platformaların yayılması isə bu prosesi daha da sürətləndirib. Əvvəllər sosial şəbəkə qruplarında, elan səhifələrində və bit bazarlarında həyata keçirilən satışlar indi daha sistemli şəkildə aparılır. Beləliklə, “ikinci əl” anlayışı təkcə ucuz alış-veriş vasitəsi deyil, pərakəndə ticarətin ayrıca və böyüyən seqmentinə çevrilir.
İkinci əl bazarının böyüməsinin əsas səbəblərindən biri evlərdə istifadə olunmadan qalan əşyaların kifayət qədər çox olmasıdır. Sorğulara əsasən, iştirakçıların 72 faizi qarderobundakı geyimlərin təxminən yarısını istifadə etmir.
Bu isə potensial satıcıların bazarda kifayət qədər böyük olduğunu göstərir. Hesablamalara görə, hər bir evdə satışa çıxarıla biləcək ən azı 20-dən çox istifadəsiz əşya ola bilər.
Təkrar satış bazarının xüsusilə geyim seqmentində dövriyyənin 250 milyard rubldan çox olduğu bildirilir. Yaxın illərdə daxili bazara çıxarıla biləcək istifadə olunmayan əşyaların ümumi dəyərinin isə 1,2–1,5 trilyon rubl arasında qiymətləndirilməsi bu sahənin potensialının miqyasını göstərir.
Əslində burada söhbət sadəcə geyim satışından getmir. İkinci əl bazarı elektronika, məişət texnikası, mebel və digər kateqoriyaları da əhatə edir. Bu baxımdan evlərdə istifadə edilməyən məhsullar müəyyən mənada “gizli kapital” funksiyası daşıyır.
İkinci əl məhsulların populyarlığı ilk növbədə istehlakçıların xərclərə münasibətinin dəyişməsi ilə bağlıdır. Qiymətlərin artdığı şəraitdə alıcılar eyni məhsulu daha aşağı qiymətə əldə etməyin yollarını axtarırlar. Digər tərəfdən, keyfiyyətli brend məhsulların yeni qiymətləri ilə müqayisədə ikinci əl variantların daha əlçatan olması tələbatı artırır.
Satıcı üçün isə modelin başqa üstünlüyü var: istifadə olunmayan məhsul pul vəsaitinə çevrilir. Beləliklə, əvvəllər sadəcə evdə yer tutan geyim və əşyalar müəyyən gəlir mənbəyinə çevrilir.
Rəqəmsal platformalar bu prosesdə alıcı ilə satıcını bir araya gətirən əsas mexanizm rolunu oynayır. Məhsulun fotosunun yerləşdirilməsi, qiymətin müəyyənləşdirilməsi, alıcı ilə əlaqə və ödəniş imkanlarının sadələşməsi ikinci əl ticarətinə giriş baryerini əhəmiyyətli dərəcədə azaldır.
Lakin bu bazarın sürətli böyüməsi onun uzunmüddətli inkişafına dair müəyyən suallar da yaradır. Çünki ikinci əl ticarətinin əsas resursu yeni istehsal deyil, əvvəllər alınmış məhsullardır.
Əgər bazarda yeni məhsulların çeşidi azalarsa, rəsmi idxal məhdudlaşarsa və ya müəyyən brendlərin əlçatanlığı zəifləyərsə, bir müddət sonra ikinci əl bazarında da keyfiyyətli məhsulların təklifi azala bilər.
Bu halda paradoksal vəziyyət yarana bilər: istehlakçılara daha ucuz alternativ təqdim edən bazar özü də məhsul qıtlığı ilə üzləşə və nəticədə qiymətlər yüksələ bilər.
Bununla belə, smart-shopping, qənaətli istehlak və məhsulların təkrar istifadəsi tendensiyalarının güclənməsi ikinci əl bazarının qarşıdakı illərdə də böyüməsi üçün ciddi əsas yaradır.
Bir sözlə, evdə istifadəsiz qalan geyim artıq sadəcə köhnə əşya deyil. Rəqəmsal iqtisadiyyat onu satışa çıxarıla bilən aktivə, ikinci əl platformaları isə bu aktivləri milyardlıq dövriyyəyə çevirən bazara çevrilir.
MONETAR.AZ