Rusiya ilə Ukrayna arasındakı gərginləşmə buğda qiymətlərini artırır

Rusiya ilə Ukrayna arasındakı gərginləşmə

Buğda fyuçerslərinin qiyməti Rusiyanın Ukraynadakı münaqişəni daha da kəskinləşdirəcəyi ilə bağlı açıqlamasından sonra ardıcıl üçüncü gündür yüksəlir. “Bloomberg” yazır ki, eskalasiyanın artması Qara dəniz üzərindən həyata keçirilən qlobal taxıl tədarükündə əlavə fasilələr yarada bilər.

Bu gün Çikaqo birjasında ən aktiv buğda müqaviləsi 1%-dək bahalaşıb. Beləliklə, buğda son bir ayın ən uzunmüddətli yüksəliş seriyasını göstərir.

Qiymət artımı Rusiya hökumətinin Ukraynanın infrastrukturuna zərbələri gücləndirəcəyi barədə bəyanatından sonra baş verib. Bu barədə Rusiya Müdafiə Nazirliyi bazar günü məlumat yayıb. İyul ayından etibarən dünyanın əsas taxıl ticarəti marşrutlarından biri olan Qara dəniz regionundan buğda tədarükü ciddi şəkildə məhdudlaşıb.

“İnterfaks” Rusiya Taxıl İttifaqının monitorinqinə istinadən bildirir ki, sentyabr ayında Rusiyanın buğda ixracı illik müqayisədə 4 dəfə azalaraq 5,4 milyon tondan 1,36 milyon tona düşüb. İyuldan başlayan cari mövsümün ilk aylarında isə ölkə 4,5 milyon ton buğda ixrac edib. Ötən ilin eyni dövründə bu göstərici 12,1 milyon ton olub.

İxracın bir hissəsi Baltik limanlarına yönəldilib. Belə ki, sentyabrda Ust-Luqa limanından 530,2 min ton taxıl yola salınıb. Halbuki ötən ilin sentyabrında həmin limandan taxıl ixracı həyata keçirilməyib.

“Reuters”in məlumatına görə, Ukrayna dronlarının Qara dəniz limanlarına hücumlarından sonra Rusiya şirkətləri Baltik və Arktika limanlarında əvvəllər gübrə, kömür və digər yüklərin daşınması üçün istifadə olunan terminalları taxıl ixracına uyğunlaşdırmağa başlayıblar.

Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiya 2026-cı ilin sonunadək taxıl ixracına tətbiq edilən rüsumları da ləğv edib.

Münaqişənin genişlənməsi Türkiyənin Qara dəniz üzərindən taxıl tədarükünün təhlükəsizliyini təmin etmək istiqamətindəki vasitəçilik səylərini də çətinləşdirə bilər.

“CRM AgriCommodities” şirkətinin icmalında qeyd olunur ki, Türkiyənin vasitəçiliyi tədarükün bərpasına imkan yarada bilər, lakin bunun üçün razılaşmanın əldə olunması aylar çəkə bilər. Potensial razılaşma risk mükafatını zəiflədə, tədarükdə davam edən fasilələr isə qiymətləri dəstəkləyə bilər.

Bakı vaxtı ilə 08:12-də buğdanın qiyməti 0,6% artaraq bir buşel üçün 6,87 dollara yüksəlib. Qarğıdalı 0,3% ucuzlaşaraq 4,9625 dollar, soya lobyası isə 0,2% bahalaşaraq bir buşel üçün qiymətinə çatıb.

MONETAR.AZ