Neftin qiyməti 83 dollara düşdü - Bu ay itkilər 20 faizi ötüb

Neftin qiyməti 83 dollara düşdü -

Dünya bazarlarında neftin qiyməti çərşənbə günü daha 4% ucuzlaşaraq bir barel üçün 83 dollardan aşağı düşüb. Bu, avqustun 26-dan bəri qeydə alınan ən aşağı qiymət səviyyəsidir. Ucuzlaşmaya ABŞ-da xam neft və yanacaq ehtiyatlarının artması təsir göstərib.

Monetar.az xəbər verir ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, noyabrın 13-də başa çatan həftə ərzində ölkənin kommersiya xam neft ehtiyatları 3,38 milyon barel artaraq 417,8 milyon barelə çatıb. Bundan əvvəlki həftədə də ehtiyatlar 4,657 milyon barel artmışdı.

Hesabat dövründə benzin ehtiyatları 5,192 milyon barel, distillə edilmiş yanacaq ehtiyatları isə 1,571 milyon barel yüksəlib. Yanacaq ehtiyatlarının artması bazarda tələbatla bağlı narahatlıqları gücləndirərək neft qiymətlərinə əlavə təzyiq göstərib.

Ümumilikdə, neftin qiyməti bu ay ərzində 20%-dən çox ucuzlaşıb. Yaxın Şərqdən neft tədarükünün bərpası və ABŞ Prezidenti Donald Trampın İranla genişmiqyaslı hərbi qarşıdurmaya qayıtmaqdan yayınacağına dair gözləntilər qiymətlərə mənfi təsir göstərib.

Bununla belə, regionda artan hərbi-siyasi gərginlik neft daşımaları üçün riskləri qoruyur. Bəhreyn çərşənbə günü İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb. Bundan əvvəl ABŞ-ın hərbi radar sisteminə pilotsuz uçuş aparatları ilə zərbələr endirilib, Vaşinqton isə Qeşm adasındakı raket obyektinə cavab zərbələri həyata keçirib.