Dünya bazarlarında qızılın qiyməti çərşənbə günü ucuzlaşmaqda davam edərək bir troya unsiyası üçün 3 800 dollardan aşağı düşüb. Bu, 2025-ci ilin sentyabrından bəri qeydə alınan ən aşağı göstəricidir. ABŞ dollarının möhkəmlənməsi və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini yenidən artıracağına dair gözləntilərin güclənməsi qiymətli metalın ucuzlaşmasına səbəb olub.
Monetar.az xəbər verir ki, FED-in idarə heyətinin üzvü Kristofer Uoller inflyasiyanın arzuolunmaz istiqamətdə hərəkət etdiyini bildirərək dekabr ayında faiz dərəcəsinin 0,5 faiz bəndi artırılmasının məqsədəuyğun ola biləcəyini qeyd edib.
Nyu-York FED-in prezidenti Con Uilyams inflyasiyanın 2%-lik hədəfə qaytarılması üçün əlavə tədbirlərin görülməli olduğunu vurğulayıb. Sent-Luis FED-in rəhbəri Alberto Musalem isə faiz dərəcələrinin daha bir neçə dəfə artırılmasının zəruri ola biləcəyini bildirib.
CME Group-un FedWatch alətinin məlumatına görə, bazar iştirakçıları dekabr ayında faiz dərəcəsinin 0,25 faiz bəndi artırılması ehtimalını 95%, 0,5 faiz bəndi artırılması ehtimalını isə təxminən 5% qiymətləndirirlər.
Qeyd edək ki, FED son iclasında faiz dərəcələrini dəyişməz saxlayıb. Bununla belə, qurum rəsmilərinin açıqlamaları pul siyasətinin sərtləşdirilməsi istiqamətində gözləntiləri gücləndirir. Faiz dərəcələrinin artması qızıl kimi gəlir gətirməyən aktivlərin cəlbediciliyini azaldır.