Apple iPhone 18 Pro istehsalı üçün komponent sifarişlərini azaldıb

Apple iPhone 18 Pro istehsalı üçün komponent

“Apple” şirkəti yeni təqdim etdiyi “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modelləri üçün komponent sifarişlərini azaltmağı xahiş edib. “Nikkei Asia” nəşrinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, şirkət oktyabr ayı üçün tədarükçülərə verdiyi sifarişləri ilkin planla müqayisədə 15–20 faiz azaldıb.

Məlumata əsasən, “Apple” sentyabrın əvvəlindən komponent tədarükünə daha ehtiyatlı yanaşmağa başlayıb. Sifarişlərin azaldılması yeni “iPhone” modellərinə tələbatın gözləniləndən zəif olması ilə əlaqələndirilir.

Yaddaş çipləri və digər elektron komponentlərin qiymətlərinin kəskin artması da istehsal xərclərini yüksəldib. Bu isə istehsalçıların qiymətləri artırmasına və nəticədə istehlakçı tələbatına mənfi təsir göstərməsinə səbəb olub.

“Nikkei Asia” sifarişlərin azalmasının başqa bir səbəbi kimi “Apple”ın yeni nəsil smartfonların təqdimat qrafikində etdiyi dəyişiklikləri də göstərir.

Şirkət sentyabrda premium modelləri — “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və “iPhone Duo”nu təqdim edib. Baza “iPhone 18” modelinin və yenilənmiş “iPhone Air” versiyasının isə 2027-ci ilin əvvəlində bazara çıxarılması planlaşdırılır.

Baza modelinin satışlara əlavə təkan verə biləcəyi ehtimal olunur. Ötən il təqdim edilən “iPhone 17” seriyasının baza versiyası böyük populyarlıq qazanaraq şirkət üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilmişdi.

Elektronika istehsalçıları komponent xərclərinin artması və təchizat imkanlarının məhdudlaşması ilə üzləşirlər. Süni intellekt sektorundan gələn yüksək tələbat qlobal yaddaş çipləri və digər elektron komponentlərin tədarükündə çatışmazlığı dərinləşdirir.

Yaddaş çiplərinin iri istehsalçılarından biri olan “Micron”un son açıqlamaları da təchizat məhdudiyyətlərinin ən azı 2027-ci ilədək davam edə biləcəyinə işarə edir.

Belə şəraitdə komponentlərin bahalaşması və tədarük riskləri smartfon istehsalçılarının xərclərinə, qiymət siyasətinə və istehsal planlarına təsir göstərməkdə davam edə bilər.

MONETAR.AZ