Böyük Britaniya və İsveç mənşəli əczaçılıq şirkəti AstraZeneca nadir piylənmə formalarının müalicəsi üzrə ixtisaslaşan ABŞ-ın Rhythm Pharmaceuticals şirkətini satın almaq üçün təxminən 10 milyard dollar dəyərində təklif irəli sürüb.
Reuters-in məlumatına görə, ilkin təklifə hər səhm üçün 134 dollara qədər ödəniş daxildir. Bu məbləğin bir hissəsi müəyyən nəticələrin əldə olunmasından asılı olaraq əlavə ödənişlər şəklində verilə bilər. Bundan əvvəl “The Wall Street Journal” AstraZeneca-nın oktyabr ayında Rhythm Pharmaceuticals-ın hər səhmi üçün 124 dollar təklif etdiyini yazmışdı.
Satınalma ehtimalı ilə bağlı xəbərlər Rhythm Pharmaceuticals-ın səhmlərinin qiymətinə də təsir göstərib. Şirkətin səhmləri 28% bahalaşaraq 110,68 dollara yüksəlib, bazar kapitallaşması isə təxminən 7,64 milyard dollara çatıb.
AstraZeneca mümkün sövdələşməni 2021-ci ildə 39 milyard dollara əldə etdiyi nadir xəstəliklər üzrə ixtisaslaşmış Alexion bölməsi vasitəsilə həyata keçirməyi nəzərdən keçirir. Bu addım şirkətin nadir xəstəliklərin müalicəsi sahəsindəki mövqelərini genişləndirməsinə imkan verə bilər.
Rhythm Pharmaceuticals-ın əsas məhsulu Imcivree (setmelanotide) preparatıdır. Dərman 2026-cı ilin martında ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən anadangəlmə və qazanılmış hipotalamik piylənmənin müalicəsi üçün təsdiqlənib. Analitiklərin qiymətləndirməsinə görə, preparatın bu xəstəliklər üzrə illik satış həcmi pik dövrdə 2 milyard dolları ötə bilər.
Şirkətin digər perspektivli layihəsi isə Prader-Villi sindromunun müalicəsi üçün hazırlanmış bivamelagon preparatıdır. MC4R reseptorunun aqonisti olan bu dərmanın klinik sınaqların üçüncü mərhələsinə keçirilməsi planlaşdırılır.
Hazırda AstraZeneca və Rhythm Pharmaceuticals arasında tərəflər üçün hüquqi öhdəlik yaradan yekun satınalma sazişi imzalanmayıb. Təkliflə bağlı danışıqların nəticəsi hələlik məlum deyil.
MONETAR.AZ