Azərbaycanda 22 torpaq sahəsi hərraca çıxarılır – ən bahalısı Gəncədədir

Azərbaycanda 22 torpaq sahəsi hərraca çıxarılır –

Bu gün Azərbaycanda 22 torpaq sahəsi üzrə hərrac keçiriləcək. Torpaqların bir hissəsi satışa, əksəriyyəti isə 15 il müddətinə icarəyə çıxarılıb.

Monetar.az xəbər verir ki, hərrac saat 15:00-da keçiriləcək.  Hərraca çıxarılan torpaqlar Gəncə, Göygöl, Ağdaş, Lənkəran, Ucar, Şəmkir, Quba, Şabran, Xaçmaz və Qobustan rayonlarını əhatə edir.

Ən yüksək ilkin qiymət Gəncə şəhəri Nizami Bələdiyyəsinə məxsus 250 kvadratmetrlik torpaq sahəsi üçün müəyyən edilib. Sahibkarlıq məqsədilə satışa çıxarılan sahənin ilkin qiyməti 37 500 manatdır.

Göygöl rayonunun Çaykənd kəndində fərdi yaşayış evi tikintisi üçün hər birinin sahəsi 800 kvadratmetr olan üç torpaq sahəsi təklif edilir. Hər sahənin ilkin qiyməti 8 480 manatdır.

Ağdaş rayonunun Yuxarı Ləki kəndində sahibkarlıq məqsədilə iki torpaq sahəsi satışa çıxarılıb. Sahələri 70 və 60 kvadratmetr olan torpaqların ilkin qiymətləri müvafiq olaraq 8 400 və 7 200 manatdır.

Digər torpaq sahələrinin əksəriyyəti kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 illik icarəyə verilir. İcarəyə təklif olunan sahələrin ölçüsü 1 hektardan 10 hektaradək dəyişir. Heyvandarlıq üçün də örüş sahələri nəzərdə tutulub.

.