Süni intellekt sahəsində fəaliyyət göstərən Çinin "DeepSeek" startapının təsisçisi Lyan Venfen artıq bu seqmentdə dünyanın ən varlı startap rəhbəri hesab olunur. "Bloomberg Billionaires Index"-in son qiymətləndirməsinə əsasən, onun sərvəti 36 milyard dollara yüksəlib. Bu göstərici ilə o, "Anthropic" şirkətinin həmtəsisçisi Dario Amodeinin və "OpenAI" prezidentı Qreq Brokmanın sərvətini geridə qoyub.
Reytinq hazırlanarkən yalnız əsas fəaliyyəti və gəlirlərinin böyük hissəsi birbaşa süni intellekt modellərinin hazırlanması ilə bağlı olan şirkətlər nəzərə alınıb. Bu səbəbdən "Alibaba", "Tencent" kimi çoxşaxəli texnologiya korporasiyaları, eləcə də yarımkeçirici istehsalçıları və data mərkəzi operatorları siyahıya daxil edilməyib.
Lyan Venfenin sərvətinin əsas hissəsi onun "DeepSeek" şirkətindəki payından formalaşır. İnvestor marağının sürətlə artması nəticəsində startapın bazar dəyəri aprel ayında qiymətləndirilən 10 milyard dollardan təxminən beş dəfə yüksələrək 50 milyard dollar həddini keçib. Beləliklə, "DeepSeek" hazırda Çinin ən yüksək qiymətləndirilən süni intellekt startapına çevrilib.
Şirkət iyun ayında ilk maliyyələşmə raundu çərçivəsində 7,4 milyard dollardan artıq investisiya cəlb edib. Maraqlıdır ki, bu raund zamanı Lyan Venfen özü də təxminən 3 milyard dollar həcmində əlavə kapital yatırıb. Maliyyələşmədən əvvəl şirkətin təxminən 90%-nə sahib olan təsisçi, yeni investisiyalardan sonra belə "DeepSeek" üzərində nəzarəti qoruyaraq payını təxminən 78% səviyyəsində saxlayıb.
"Bloomberg" qeyd edir ki, bu göstərici ABŞ-də fəaliyyət göstərən analoji süni intellekt startaplarından əhəmiyyətli dərəcədə fərqlənir. Adətən 50 milyard dollar və daha yüksək qiymətləndirməyə çatan Amerika startaplarında təsisçilərin payı texnologiya nəhəngləri və vençur fondlarının iştirak etdiyi maliyyələşmə raundları nəticəsində ciddi şəkildə seyrəlir. "DeepSeek" nümunəsində isə təsisçinin nəzarət payını böyük ölçüdə qoruyub saxlaması qlobal vençur bazarında diqqət çəkən istisnalardan biri kimi qiymətləndirilir.