Dövlət qurumları avtomobilləri hərraca çıxarır - Ən ucuzu 4000 manatdır

 Dövlət qurumları avtomobilləri hərraca çıxarır -

Azərbaycanda bir sıra dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri noyabrın 3-də hərraca çıxarılacaq. Satışa təqdim olunan avtomobillər arasında “Toyota Land Cruiser Prado”, “Hyundai Sonata”, “Nissan Sunny” və digər markalarla yanaşı, çoxsaylı xüsusi təyinatlı yanğınsöndürən avtomobillər də var.

Monetar.az xəbər verir ki, hərrac saat 10:00-da keçiriləcək. Ümumilikdə 12 lot üzrə nəqliyyat vasitələrinin satışı nəzərdə tutulub.

Ən aşağı start qiyməti 4 000 manatdır. Bu qiymətə Respublika Olimpiya İdman Liseyinin balansında olan 1997-ci il istehsalı “Hyundai Galloper” satışa çıxarılır. Eyni qurumun balansındakı 1999-cu il istehsalı “Ford Transit” mikroavtobusunun start qiyməti isə 5 000 manatdır.

Hərracda daha yeni avtomobillər də yer alıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin balansındakı 2009-cu il istehsalı “Hyundai Sonata” 8 200 manata, 2007-ci il istehsalı “Hyundai Tucson” 8 000 manata, 2013-cü il istehsalı “Nissan Sunny” isə 6 500 manata təklif olunur.

Bundan başqa, 2007-ci il istehsalı “Toyota Land Cruiser Prado”nun start qiyməti 14 000 manat, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin balansındakı 2012-ci il istehsalı “Hyundai IX-35”in start qiyməti isə 10 000 manat müəyyən edilib.

Hərracda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin balansında olan çoxsaylı xüsusi təyinatlı nəqliyyat vasitələri də satışa çıxarılacaq. Onların arasında KAMAZ və ZİL markalı yanğınsöndürən avtomobillər var. Bu lotlar üzrə start qiymətləri 27 900 manatdan başlayır.