Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi iki ədəd sedan tipli lüks xidməti avtomobilin satın alınması üçün açıq tender keçirir. Dövlət satınalmaları portalında dərc olunan müsabiqənin ehtimal olunan qiyməti 409 460 manat təşkil edir. Bu rəqəm hər bir nəqliyyat vasitəsinin təxmini qiymətinin 204 700 manatdan baha olacağını göstərir.
Tender şərtlərinə görə, sifariş olunan avtomobillər minimum 2025-ci il istehsalı, tamamilə yeni və hibrid (Plug-in Hybrid) mühərrikli olmalıdır. Texniki tələblərdə mühərrikin gücünün minimum 295 at gücü, həcminin 2.0 litr və ekoloji standartının Avro-6 olması xüsusi qeyd edilib. Tünd rəngdə sifariş veriləcək sedanların təchizatına 4 zonalı klimat kontrol, 13 düymlük multimedia displeyi, panoram dam, head-up display və 360 dərəcəlik kamera daxildir.
Şirkətlər tender təkliflərini 30 iyul 2026-cı il saat 12:30-a qədər təqdim edə bilərlər. Qalib gələn təchizatçı avtomobilləri 30 gün müddətinə Dövlət Yol Polisi (DYP) qeydiyyatı xərcləri də daxil olmaqla idarəyə təhvil verməlidir. Maşınlara minimum 4 il və ya 200 000 km, batareyaya isə 6 il zəmanət tələb olunur.