“iPhone 17 Pro” smartfonunun 2026-cı ildə ölkələr üzrə qiymət fərqləri açıqlanıb. Monetar.az xəbər verir ki, “Deutsche Bank” məlumatları əsasında hazırlanan araşdırmaya görə, eyni modelin qiyməti ölkədən ölkəyə əhəmiyyətli dərəcədə dəyişir.
Araşdırmaya əsasən, “iPhone 17 Pro”nun 256 GB yaddaşa malik versiyasının ən baha satıldığı ölkə Türkiyədir. Burada smartfonun qiyməti 2 592 dollar təşkil edir. Bu göstərici ABŞ-dakı 1 181 dollarlıq qiymətdən 1 400 dollardan çox yüksəkdir.
Reytinqdə ikinci yeri Braziliya tutub. Bu ölkədə eyni modelin qiyməti 2 260 dollar təşkil edir. Misir isə 1 872 dollarla üçüncü sırada qərarlaşıb. İlk beşliyə həmçinin Macarıstan (1 826 dollar) və Norveç (1 687 dollar) daxil olub.
Müqayisədə ən ucuz bazar Yaponiya olub. Burada “iPhone 17 Pro”nun qiyməti 1 121 dollar təşkil edir ki, bu da ABŞ-dakı qiymətdən bir qədər aşağıdır.
Mütəxəssislər bildirirlər ki, smartfon qiymətlərindəki fərqlərə əlavə dəyər vergisi, idxal rüsumları, yerli vergilər, valyuta məzənnələri və tənzimləyici qaydalar təsir edir.
Türkiyədə smartfonların qiymətinin yüksək olmasının əsas səbəbləri sırasında 20 faizlik əlavə dəyər vergisi, xüsusi istehlak vergiləri və cihazların qeydiyyatı ilə bağlı ödənişlər göstərilir.
Avropa ölkələrinin əksəriyyəti də yüksək qiymətli bazarlar sırasında yer alır. Bunun əsas səbəblərindən biri məhsul qiymətlərinə əlavə dəyər vergisinin daxil edilməsidir. Məsələn, Macarıstanda ƏDV dərəcəsi 27 faiz olduğu halda, bəzi ölkələrdə bu göstərici daha aşağıdır.
Araşdırmaya görə, qlobal bazarlarda texnologiya məhsullarının qiymətləri valyuta dəyişiklikləri və hökumətlərin vergi siyasətinə uyğun olaraq zamanla dəyişə bilər.