Alüminium fyuçerslərinin qiyməti təklif məhdudiyyətləri və istehsalın azalması fonunda yüksəlib. Monetar.az xəbər verir ki, Böyük Britaniya bazarında alüminiumun qiyməti ton başına 3 210 dolları ötərək son altı həftəyə yaxın dövrün ən yüksək səviyyəsinə çatıb.
Bazar iştirakçılarının məlumatına görə, əsas səbəblərdən biri Çin istisna olmaqla digər ölkələrdə istehsalın azalmasıdır. Belə ki, iyul ayında bu ölkələrdə alüminium istehsalı illik ifadədə 6,7 faiz azalıb. Azalma əsasən Yaxın Şərqdə yerləşən bir sıra zavodlarda istehsal güclərinin aşağı salınması ilə əlaqələndirilir.
Bundan əlavə, Çində tətbiq olunan illik 45 milyon tonluq istehsal limiti də bazarda təkliflə bağlı narahatlıqları artırır. Ekspertlərin fikrincə, bu məhdudiyyət cari ildə daha sərt təsir göstərə bilər.
Geosiyasi gərginliklər fonunda istehlakçıların birja ehtiyatlarını azaltması da qiymətlərə təsir edib. London Metal Birjasında (LME) alüminium ehtiyatları bu əsrdə ən aşağı səviyyəyə enib.
Bazar iştirakçıları həmçinin Alcoa Corp. şirkətinin Avstraliyadakı zavodunda yaranan texniki problemlər səbəbindən istehsal proqnozunu azaltmasının qiymətlərə əlavə təzyiq yaratdığını bildirirlər.
Bununla belə, qarşıdakı dövrdə bəzi yeni istehsal güclərinin işə salınması təklif məhdudiyyətlərini qismən azalda bilər. Slovakiyadakı Slovalco zavodunun 2026-cı ilin dördüncü rübündə fəaliyyətini bərpa etməsi, eləcə də digər istehsalçıların genişlənmə layihələri bazardakı vəziyyətə təsir edə bilər.
Birləşmiş Ərəb Əmirliklərinin Emirates Global Aluminium şirkəti də Əl-Taweelah müəssisəsində istehsalın bərpası prosesini davam etdirir.