"Amazon.com Inc." bazar kapitallaşması tarixində ilk dəfə 3 trilyon dollar həddini aşaraq bu göstəriciyə çatan beşinci şirkət olub. Bu barədə "Bloomberg" məlumat yayıb.
Şirkətin səhmləri bazar ertəsi hərraclarında yüksəlişini davam etdirərək təxminən 5% bahalaşıb. Artıma əsas səbəb ikinci rüb üzrə maliyyə hesabatında "Amazon Web Services" (AWS) bulud bölməsinin gəlirlərinin gözləntiləri üstələyən sürətlə artması olub. Bununla da "Amazon" 3 trilyon dollarlıq bazar dəyərinə çatan şirkətlər sırasında "Nvidia", "Microsoft", "Apple" və "Alphabet"ə qoşulub.
Son aylarda investorlar süni intellekt layihələrinə iri həcmli sərmayələrin gəlirliliyi ilə bağlı narahatlıqlar səbəbindən texnologiya nəhənglərinin səhmlərinə ehtiyatla yanaşırdılar. Bu fonda "Amazon" səhmləri mayın 6-da qeydə alınan rekord səviyyədən sonrakı üç aylıq minimumadək təxminən 18% ucuzlaşmışdı.
Lakin ötən həftə açıqlanan hesabat bu narahatlıqları əhəmiyyətli dərəcədə zəiflədib. Şirkət bildirib ki, AWS bölməsinin gəlirləri ikinci rübdə 2021-ci ildən bəri ən yüksək illik artım tempini nümayiş etdirib. Nəticədə səhmlər bir gündə 15%-dən çox bahalaşıb ki, bu da son 14 ildən artıq dövrün ən güclü gündəlik artımı olub. Bu yüksəliş şirkətin bazar dəyərinə təxminən 400 milyard dollar əlavə edib.
Bu dinamika "Amazon"u yenidən cari ildə "Magnificent Seven" ("Möhtəşəm yeddilik") şirkətləri arasında ən yüksək gəlirlilik göstərən şirkətə çevirib. Müqayisə üçün, iri texnologiya şirkətlərindən ibarət qrupun ümumi göstəricisi ilin əvvəlindən cəmi 2,1% artdığı halda, "S&P 500" indeksi eyni dövrdə təxminən 10% yüksəlib.
Səhmlərdəki son ralliyə baxmayaraq, "Amazon"un qiymətləndirilməsi hələ də tarixi orta göstəricilərdən aşağı qalır. Şirkətin səhmləri növbəti 12 ay üzrə proqnozlaşdırılan mənfəətin (forward P/E) təxminən 25 misli səviyyəsində qiymətləndirilir ki, bu da son on ilin orta göstəricisindən təxminən 44% aşağıdır.
"Amazon" 2024-cü ilin iyununda ilk dəfə 2 trilyon dollarlıq bazar dəyərinə çatdıqdan sonra 3 trilyon dollarlıq həddi aşmaq üçün iki ildən bir qədər çox vaxta ehtiyac duyub. Bu, şirkətin 1 trilyon dollardan 2 trilyon dollara yüksəlməsi ilə müqayisədə daha sürətli artım tempini nümayiş etdirir.
MONETAR.AZ