Vaşinqtonun zəifləyən yenanı dəstəkləmək üçün Yaponiyaya qoşulması nadir hallarda rast gəlinən koordinasiyalı valyuta intervensiyasının motivləri ilə bağlı sualları yenidən gündəmə gətirib. "CNBC"nin yazdığına görə, analitiklər bu qərarın arxasında əsasən ABŞ dövlət istiqrazları bazarı və Yaponiyanın maliyyə sisteminin sabitliyi ilə bağlı narahatlıqların dayandığını bildirirlər.
Tokio uzun müddətdir yenanın kəskin ucuzlaşmasından narahatdır. Valyuta yaxın vaxtlarda dollar qarşısında son dörd onilliyin ən aşağı səviyyələrindən birini görüb. Ötən həftənin cümə axşamı USD/JPY məzənnəsi 163,73-ə yüksəlsə də, cümə günü iyena 157,57 səviyyəsinədək möhkəmlənə bilib.
Bu əməliyyat ABŞ və Yaponiyanın 1998-ci ildən bəri yenanı dəstəkləmək məqsədilə həyata keçirdiyi ilk birgə valyuta intervensiyası, həmçinin 2011-ci ildə Yaponiyada baş vermiş zəlzələ və sunamidən sonra G7 ölkələrinin koordinasiyalı müdaxiləsindən bəri iki ölkənin birlikdə iştirak etdiyi ilk belə addım olub.
Sektor ekspertləri "CNBC"yə bildiriblər ki, Vaşinqtonun əsas məqsədlərindən biri Tokionun birtərəfli intervensiyanı maliyyələşdirmək üçün iri həcmdə ABŞ xəzinədarlıq istiqrazlarını (Treasuries) satmasının qarşısını almaq idi. Yaponiya ABŞ dövlət borcunun ən böyük xarici sahiblərindən biri olduğundan, belə satışlar istiqraz bazarında ciddi dalğalanmalara səbəb ola bilərdi.
Bu gün Yaponiyanın Maliyyə Nazirliyi gələcək intervensiyalar zamanı da FIMA repo mexanizmindən istifadə etməyi planlaşdırdığını açıqlayıb.
"State Street"in baş makrostrateqi Masahiko Lu hesab edir ki, bu açıqlama intervensiyanın özündən belə daha əhəmiyyətli siqnaldır. Onun fikrincə, yenanın davamlı zəifləməsi Yaponiya dövlət istiqrazlarının (JGB) növbəti satış dalğasına səbəb ola, gəlirliliklərin yüksəlməsi isə həm Yaponiya, həm də ABŞ-də uzunmüddətli borclanma xərclərinə əlavə təzyiq göstərə bilər. Qeyd olunur ki, 10 illik Yaponiya dövlət istiqrazlarının gəlirliliyi ilin əvvəlindən bəri təxminən 57 baza bəndi yüksəlib.
"Oxford Economics"dən Lu əlavə edib ki, Vaşinqton uzun müddətdir iyenanın həddindən artıq ucuz olduğunu və bunun Yaponiya ixracatçılarına ədalətsiz rəqabət üstünlüyü yaratdığını hesab edir. Onun fikrincə, koordinasiyalı intervensiya Yaponiya Bankına faiz dərəcələrinin növbəti artırılmasına qədər vaxt qazandıra bilər.
"Monex"in ekspert-direktoru Jesper Koll isə bildirib ki, bu addım Tramp administrasiyası ilə baş nazir Sanae Takaitinin rəhbərliyi dövründə ABŞ-Yaponiya münasibətlərində yeni mərhələnin göstəricisidir.
"ABŞ və Yaponiya arasında strateji əməkdaşlıq yeni mərhələyə daxil olub. Yaponiya dəstək istəyəndə, ABŞ buna cavab verir."
Onun fikrincə, bu qərar eyni zamanda Pekinə ünvanlanmış mühüm geosiyasi mesajdır.
Bununla yanaşı, ABŞ-nin intervensiyanı maliyyələşdirmək üçün dollar deyil, avro satdığına dair xəbərlər bazar iştirakçıları arasında suallar doğurub. Ənənəvi olaraq bu cür əməliyyatlar dollar aktivləri hesabına həyata keçirilirdi.
"Brookings Institution"un baş elmi işçisi Robin Bruks bu yanaşmanı şübhə ilə qiymətləndirib."ABŞ-nin iştirakı cavablardan daha çox sual yaradır. Yenanın alınmasını niyə birbaşa dollar hesabına maliyyələşdirmədiklərini bazar izah etməyə çalışacaq."
"Yaponiya dövlət istiqrazlarının gəlirliliyi bazar prinsiplərinə uyğun formalaşmadığı müddətdə yena təzyiq altında qalacaq."
Yaponiya Bankı gəlirlilik əyrisinə nəzarət proqramını 2024-cü ilin martında rəsmi şəkildə başa vursa da, faiz dərəcələrini bazar səviyyəsindən aşağı saxlamaq üçün iri həcmdə dövlət istiqrazları almaqda davam edir.
"State Street"dən Masahiko Lu da hesab edir ki, intervensiya bazara qısamüddətli nəfəs versə də, uzunmüddətli istiqaməti müəyyən edən əsas amil yenə də Yaponiya Bankının pul-kredit siyasəti olacaq.
"İntervensiya qarşıdakı bir neçə aya təsir göstərə bilər. Lakin növbəti bir neçə ilin trayektoriyasını Yaponiya Bankının siyasətinin normallaşması müəyyən edəcək."
MONETAR.AZ