Qızıl niyə bahalaşmır? İki ziddiyətli faktor bazarı sıxır

Qızıl niyə bahalaşmır?

Qızıl bazarında ciddi dəyişiklik qeydə alınmayıb. Monetar.az xəbər verir ki, qiymətli metalın unsiyası təxminən 4 030 dollar səviyyəsində qərarlaşıb.

Analitiklərin fikrincə, qızılın qiymətinə iki əsas amil fərqli istiqamətlərdə təsir göstərir. ABŞ dollarının zəifləməsi qızılı dəstəkləsə də, geosiyasi gərginliyin azalması təhlükəsiz aktivlərə tələbi aşağı salır.

Neft bazarında isə qiymətlər kəskin ucuzlaşıb. Buna səbəb ABŞ və İran arasında mümkün razılaşmaya dair nikbin gözləntilərin artması olub. Bu amil inflyasiya ilə bağlı narahatlıqları və faiz dərəcələrinin uzun müddət yüksək qalacağı ehtimallarını azaldıb.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni hücum qərarını təxirə saldıqdan sonra bazar ertəsi günü yeni danışıqların başlayacağını açıqlayıb. Lakin İran tərəfi Vaşinqtonla hər hansı danışıqların aparıldığını təkzib edib.

Dolların zəifləməsi də qızıl qiymətlərinə əlavə dəstək verib. ABŞ valyutası iyunun ortalarından bəri ən aşağı səviyyəyə enib. Buna səbəb Yaponiya yenini dəstəkləmək üçün valyuta bazarına müdaxilələrin həyata keçirilməsi olub.

İnvestorların diqqəti hazırda ABŞ əmək bazarı ilə bağlı açıqlanacaq göstəricilərə yönəlib. Xüsusilə həftənin sonunda açıqlanacaq qeyri-kənd təsərrüfatı məşğulluq hesabatı ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcək pul siyasəti ilə bağlı gözləntilərə təsir edə bilər.