Rusiya Kambocadan diri quş, inkubasiya yumurtası və bir sıra quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. Monetar.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
Məlumata görə, qərar Kambocada Nyukasl xəstəliyi virusu ilə bağlı epizootik vəziyyətin pisləşməsi səbəbindən avqustun 3-dən qüvvəyə minib.
Məhdudiyyətlər diri quş və inkubasiya yumurtası ilə yanaşı, quş əti, hazır quş əti məhsulları, tərkibində quş mənşəli emal məhsulları olan digər məhsullar, həmçinin quşlar üçün yem və yem əlavələrini də əhatə edir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) tələblərinə uyğun virusu zərərsizləşdirən emaldan keçmiş məhsullar isə qadağadan kənarda saxlanılıb.
Bundan başqa, istifadə olunmuş quşçuluq avadanlıqlarının, eləcə də fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə zavod qablaşdırılmasında daşınan bəzi heyvan mənşəli məhsulların idxalına da məhdudiyyət qoyulub.
Qərara əsasən, Kamboca ərazisindən Rusiya üzərindən diri quşların tranzit daşınması da müvəqqəti olaraq dayandırılıb.