Müasir tələblərə uyğun 16 heyvan satışı bazarı fəaliyyətə başlayıb

Müasir tələblərə uyğun 16 heyvan satışı bazarı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə üzrə heyvan satışı bazarlarının baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 16 heyvan satışı bazarı yenidən qurularaq fəaliyyətə başlayıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, müasir tələblərə uyğun yenidən qurulan heyvan bazarları Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Xaçmaz və Sabirabad rayonlarında, eləcə də Bakının Binə qəsəbəsində yerləşir.

Yenidən qurulan bazarlarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri infrastruktur yaradılıb. Burada kliniki baxış platformaları, dezbaryerlər, izolyatorlar, həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müasir avadanlıqlar quraşdırılıb.

Bundan əlavə, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr yaradılıb, su və yem təminatı, işıqlandırma, eləcə də tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub.

AQTA qeyd edib ki, heyvan satışı bazarları Agentliyin Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenilənmiş bazarlar yalnız AQTA-nın müvafiq komissiyası tərəfindən yekun qiymətləndirmə aparıldıqdan sonra fəaliyyətə başlaya bilər.