Bu gün saat 10:00-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti nəqliyyat vasitələri hərracı keçiriləcək. Monetar.az xəbər verir ki, hərracda dövlət qurumlarına və digər təşkilatlara məxsus ümumilikdə 28 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Satışa çıxarılan əmlaklar arasında müxtəlif markalı minik avtomobilləri, xüsusi təyinatlı nəqliyyat vasitələri, təcili yardım avtomobilləri və bir gəmi yer alır.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiymətləri 1 440 manatdan başlayaraq 172 500 manatadək dəyişir. Ən yüksək start qiyməti Dövlət Sərhəd Xidmətinə məxsus 1969-cu il istehsalı "Point Brower D" markalı gəmi üçün müəyyən edilib. Ən aşağı start qiyməti isə Səhiyyə Nazirliyinin "Respublika Sanitariya-Karantin Mərkəzi" PHŞ-yə məxsus 2002-ci il istehsalı VAZ-21074 markalı avtomobil üçün təyin olunub.
Satışa çıxarılan avtomobillər arasında BMW 730LI, BMW 525I, Nissan Pathfinder, Mercedes-Benz S320, Toyota Camry, Volkswagen Passat, Volkswagen Passat CC, Chevrolet Niva, QAZ, VAZ, UAZ, Tofaş Doğan və Chery markalı nəqliyyat vasitələri də var.
Hərraca təqdim olunan nəqliyyat vasitələrinin bir hissəsi təkrar satışa çıxarılır. Belə ki, ilk yeddi nəqliyyat vasitəsi beşinci dəfə 50 faiz endirimlə, 8-10-cu sıralarda yer alan nəqliyyat vasitələri dördüncü dəfə 25 faiz endirimlə, 11-26-cı sıralardakı nəqliyyat vasitələri ikinci dəfə təkrar hərraca çıxarılır. Son iki nəqliyyat vasitəsi isə əvvəlki hərracın nəticəsi ləğv edildiyindən üçüncü dəfə 10 faiz endirimlə satışa təqdim olunur.